ain.az bildirir, Konkret.az portalına istinadən.
Azərbaycanda ali təhsil alan uşağa aliment ödənişinin müddətinin uzadılıb-uzadılmaması məsələsi tez-tez müzakirə olunur. Maraqlıdır, ali təhsil alan uşağın aliment ödənişinin müddəti uzadıla bilərmi?
Mövzu ilə bağlı KONKRET.az-a açıqlamasında hüquqşünas Müşfiq Abbasov bildirib ki, Ailə Məcəlləsinin tələblərinə əsasən, uşağın 18 yaşı tamam olduqda valideynin aliment ödəmək öhdəliyi bir qayda olaraq, başa çatır. Onun sözlərinə görə, uşağın tələbə olması aliment ödənişinin avtomatik davam etdirilməsi üçün əsas sayılmır.
“Qanunvericilikdə bu məsələyə dair istisna hal da mövcuddur. Belə ki, əgər uşağın əmək qabiliyyəti yoxdursa, maddi ehtiyacı varsa və maddi durumu son dərəcə ağırdırsa, bu halda aliment ödənişi 18 yaşdan sonra da davam etdirilə bilər. Əmək qabiliyyəti olan şəxsin ali məktəbdə təhsil alması aliment öhdəliyinin saxlanılması üçün əsas deyil. Əgər uşaq ali məktəbə qəbul olunub, lakin əmək qabiliyyəti yoxdursa və maddi cəhətdən valideyndən asılı vəziyyətdədirsə, bu zaman aliment ödənişi məhkəmə qaydasında məcburi şəkildə davam etdirilməlidir”.

Hüquqşünasın sözlərinə görə, əgər uşağın əmək qabiliyyəti varsa və maddi ehtiyacı mövcud deyilsə, bu halda aliment ödənişi dayandırılır.
Aynurə İsmayıl
KONKRET.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.