AZ

Mübariz Tağıyevdən Niyaməddin Musayev ilə bağlı AÇIQLAMA

“Səhhətimdə problemlər var. Buna görə də yaradıcılığa tam köklənə bilmirəm. Qismət olsa, aprel ayında Heydər Əliyev Sarayında konsert verəcəyəm”.

 

Azia.az  bildirir ki, bunu Musavat.com-a açıqlamasında Xalq artisti Mübariz Tağıyev deyib.

 

Xalq artisti bildirib ki, yeni mahnılar hazırlayır və onlar arasında Zəngəzur dəhlizinə həsr olunmuş nəğmə də var:

 

“Dünən Zəngəzur dəhlizinə həsr olunmuş mahnının üzərində işləyib qurtardıq. Sözləri Baba Vəziroğlunun, musiqisi Vüqar Camalzadənindir.

 

Bilirsiniz ki, mən Qərbi Azərbaycandanam və o yerlərə bağlılığım çoxdur. Ən böyük istəyim Naxçıvanla dəmir yolunun yenidən bərpa olunmasıdır. Naxçıvanlılar bu baxımdan nə qədər vaxtdır ki, qapalı vəziyyətdədirlər. Ona görə də Zəngəzur dəhlizinin reallaşması hamının arzusudur.

 

Bu yaxınlarda Xankəndidə oldum. Oradan isə Zəngilana getdik. Dağlar arasında körpü, tunellər salınır. Bunu görəndə yaxşı mənada heyrətləndim. Zəngəzur dəhlizi çox böyük layihədir”.

 

Müğənni səhhətində narahatlıqlar olduğunu dilə gətirib və bildirib ki, bununla əlaqədar ev şəraitində müalicə alır:

 

“Orqanizm müalicələrə cavab verir və ümid edirəm ki, yaxın vaxtlarda daha yaxşı olacağam. Bakı Musiqi Akademiyasında baş müəllim işləyirəm və tələbələr yetişdirirəm. Bacardığım qədər onları öyrədirəm. Gedib-gəlmək çətindir. Dostlar, yaxın insanlar aparıb gətirir, özümün maşın sürməyə səbrim çatmır. Tıxaclar əsəblərimi korlayır. Əsəblərim pozulub, Allah bilir nə vəziyyətdəyəm”.

 

Sənətkar gündəlik işlərindən də söz açıb:

 

“Evdə oturub bütün günü divarlara baxmıram. Kitabları vərəqləyirəm və mahnılar üçün şeirlər axtarıram. İndi mahnı üçün şeir tapmaq çətindir. Şairlərin əksəriyyəti indi mahnı mətni yaza bilmir. Belə şeirlər sadə və səmimi olmalıdır. Buna baxmayaraq, boş durmuram, axtarışlardayam”.

 

Mübariz Tağıyev 85 yaşlı Niyaməddin Musayevin gecə klublarında oxuması ilə bağlı iddialardan da danışıb:

 

“Bunda bir qəbahət görmürəm. Ən əsası odur ki, müğənni öz çərçivələrindən çıxmasın. Onu olduğu kimi qəbul edirlərsə, normaldır. Doğrudur, klublarda əsasən gənclər oxuyurlar. Ancaq kiməsə klubda oxumasın deyə qadağa qoymaq olmaz. Bəzən yaşlı nəslin nümayəndəsi hoppananda pis baxırlar. Bu da zamanla bağlıdır, kompleks var. Ümumilikdə isə pis heç nə yoxdur. Niyaməddin mənim dostum, əzizimdir. Xoşuna gəlirsə, oxusun, nə problem var ki?”



Seçilən
16
azia.az

1Mənbələr