AZ

POS ödənişlərə maraq niyə azalıb?

POS ödənişləri zamanı vəsaitin sahibkarın hesabına gec köçürülməsi, bankların ödənişlərə görə komissiya tutması, eləcə də həmin vəsaitin nağdlaşdırılması üçün əlavə komissiyaların tətbiqi sahibkarların xərclərini artırır və fəaliyyətini çətinləşdirir. Bəs bu sahədə hansı tənzimləmə mexanizmləri tətbiq oluna bilər ki, sahibkarlar POS ödənişlərindən istifadədə daha maraqlı olsunlar və əlavə maliyyə yükü ilə üzləşməsinlər?İqtisadçı ekspert Asif İbrahimov Metbuat.az-a açıqlamasında təsdiq edib ki, əvvəllər sahibkarların ümumiyyətlə POS ödənişlərdən istifadə etməməsi halları ilə tez-tez rastlaşmaq mümkün idi, hazırda isə bu sistem nisbətən daha kütləviləşib, lakin praktikada hələ də müəyyən problemlər qalmaqdadır. POS ödənişlərin sahibkarın hesabına gec köçməsi və ya əməliyyat zamanı hesabdan çıxarış edilərkən çətinliklərin yaranması bu sahədə əsas narahatlıqlardandır. Onun sözlərinə görə, dünya praktikasında bununla bağlı beynəlxalq standartlar mövcuddur və bu mexanizmlər stimullaşdırma, keyfiyyət, sürət və təşviqetmə prinsipləri üzərində qurulmalıdır: “Mexanizmin əsas hissəsi sürət prinsipidir. Dünyada geniş tətbiq olunan yanaşmaya görə, POS terminal vasitəsilə edilən ödənişlər avtomatik şəkildə birbaşa sahibkarın hesabına köçürülməlidir. Bunun üçün əlavə mexanizmlər icad etməyə ehtiyac yoxdur, çünki bu sahədə dövlət, bank və sahibkar arasında inteqrasiya əsasında formalaşmış hazır modellər mövcuddur. İkinci əsas prinsip keyfiyyətdir. POS terminalların platformaları həm sahibkarlara, həm də alıcılara keyfiyyətli xidmət göstərməlidir. Ucuzluq prinsipi də ciddi əhəmiyyət daşıyır. Hazırda bəzi hallarda komissiya haqları 3 faizə qədər yüksəlir, halbuki dünya praktikasında bu göstərici adətən 0,5–1 faiz arasında dəyişir və xidmətlərin növünə görə tənzimlənir”. A.İbrahimov bildirib ki, bu məsələ ilə bağlı üçüncü prinsip isə təşviqetmə mexanizmləri ilə bağlıdır: “Bir sıra ölkələrdə vergi təşviqləri tətbiq olunur, vergi hesablamalarında güzəştlər edilir, həmçinin mikro, orta və iri sahibkarlıq subyektləri üçün fərqli tariflər müəyyənləşdirilir. Bu mexanizmlərdən istifadə etmək mümkündür. Eyni zamanda qeyd etmək lazımdır ki, bu sahədə Azərbaycan Respublikasının Mərkəzi Bankı ciddi addımlar atır. Vətəndaşlarla, sahibkarlarla və ekspertlərlə görüşlər keçirilir, irəli sürülən təkliflər dəyərləndirilir və bu istiqamətdə islahatların aparılmasına çalışılır”.

Sevinc İbrahimzadə / Metbuat.az

Seçilən
14
metbuat.az

1Mənbələr