AZ

​Məktəbli avtobusu, yoxsa "təhlükə mərkəzi"? – BRS (Baku Rent Service) özbaşınalığı!

Valideynlərin səbri daşdı! Övladlarımızın təhlükəsizliyini etibar etdiyimiz məktəb daşınması xidməti, "Baku Rent Service" (BRS) şirkətinin idarəçiliyinə keçəndən bəri əsl kabusa çevrilib. Tehsil.media bildirir ki, Bir vaxtlar nizam-intizamlı olan bu sahədə hazırda tam bir qanunsuzluq və xaos hökm sürür.

Təhlükə saçan "xidmət": Qanunlar hara baxır?

Şirkətin fəaliyyəti nəqliyyat və əmək qanunvericiliyinə aşkar meydan oxumaqdır. Ortadakı mənzərə dəhşətlidir:

Sənədsiz sürücülər: Sükan arxasında əyləşən 60-65 yaşlı şəxslərin nə əmək müqaviləsi var, nə də gündəlik tibbi yoxlanışdan keçdiklərini təsdiq edən Kartları. Üstəlik sürücülərin bəzilərinin 74 yaşı var. Bu uşaqlar üçün ciddi təhlükədir.

Sığortasız canlar: Uşaqlarımızın sərnişin sığortası yoxdur! Hər hansı qəza baş verərsə, məsuliyyəti kim daşıyacaq?

Xarici dövlət nömrə nişanları: Paytaxtın mərkəzində, məktəb xidmətində xarici dövlət nömrə nişanlı avtobusların işləməsi hansı hüquqi çərçivəyə sığır?

Avtobus deyil, "buzxana" və "təhqir yuvası"

Maddi tərəfi bir kənara, uşaqlara qarşı olan münasibət insanlıqdan uzaqdır:

Antisanitariya və Soyuq: Avtobusların içi bərbad vəziyyətdədir, təmizlik sıfırdır. Qışın oğlan çağında istilik sistemi işləmir, uşaqlar "buzxana"da dərsə gedib-gəlirlər.

Ayaqüstü daşınma: Uşaqlar salonda üst-üstə oturdulur, çoxu ayaq üstə gedir. Sürücünün kobud manevrləri və qəfil tormoz verməsi nəticəsində uşaqlar avtobusun içində yıxılır, xəsarət alırlar.

Psixoloji zorakılıq: Sürücülər uşaqlarla daxili bazarda yük daşıyırmış kimi davranırlar. Onların ayaqqabısına, geyiminə irad tutan, ağzına gələni deyən, uşaqları təhqir edən bir "heyət"lə üz-üzəyik.

Valideynlərin tələbi qətidir!

Uşaqlar artıq qorxudan avtobusa minmək istəmirlər. Seçdiyiniz şirkət hesabına övladlarımızı təhqir etdirmək və ya onların canını təhlükəyə atmaq istəmirik!

“Baku Rent Service” rəhbərliyinə və nəzarətçi qurumlara səslənirik:
 Ya bu biabırçılığa son qoyub normal xidmət təşkil edin, ya da bu işi bacaran peşəkarlara təhvil verin. Övladlarımızın sağlamlığı və mənəviyyatı sizin qazancınızdan qat-qat üstündür!

Seçilən
42
4
paytaxt.org

5Mənbələr