AZ

“Harry” fırtınası İtaliyada yüz milyonlarla avroluq zərərə səbəb olub

“Harry” fırtınası İtaliyada yüz milyonlarla avroluq zərərə səbəb olub

Aralıq dənizində həftənin əvvəlində təsirli olan və İtaliyanın cənub sahillərini vuran “Harry” fırtınası ölkədə ən azı 740 milyon avro dəyərində maddi zərərə yol açıb.

Siciliya, Kalabriya bölgəsi və Sardiniya adası sahillərində təsir göstərən fırtınanın yaratdığı ağır fəsadların miqyası günbəgün daha aydın görünməyə başlayır.

Siciliya Regional Administrasiyasının rəhbəri Renato Skifani mətbuata açıqlamasında bildirib ki, ilkin hesablamalara əsasən sahilyanı ərazilərdə infrastruktur, yollar, iş yerləri və hotellərə dəyən zərərin həcmi 741,5 milyon avro təşkil edir.

Mülki Müdafiə Agentliyinin Siciliya bölməsi isə adada fırtınadan ən çox zərər çəkən ərazinin Messina vilayəti və ətrafı olduğunu, burada maddi itkilərin 110 milyon avroya çatdığını açıqlayıb.

ANSA agentliyi yerli mənbələrə istinadən xəbər verir ki, təsərrüfatların, balıqçıların və müxtəlif müəssisələrin gəlir itkiləri də nəzərə alındıqda, ümumi zərərin 1 milyard avronu keçə biləcəyi istisna edilmir.

Messina şəhərinə bağlı Santa Teresa qəsəbəsində güclü fırtına nəticəsində elektrik xətlərinin zədələnməsi səbəbindən təxminən 1000 ailə işıqsız qalıb.

Bildirilir ki, sahilboyu ərazilərin bir çox nöqtəsində yollar çöküb, torpaq sürüşmələri baş verib, güclü dalğalar səbəbindən su basqınları yaşanıb. Eyni zamanda, bəzi binaların dənizə baxan fasadlarında ciddi zədələr yaranıb, bir sıra çimərliklər isə tamamilə dağılıb.

Seçilən
34
afn.az

1Mənbələr