AZ

Vahid doktorluq modelinə keçid nəyi dəyişəcək? -

Milli Məclisin iclasında “Təhsil haqqında” Qanunun yenidən hazırlanması məsələsi gündəmə gəlib. Elm və təhsil komitəsinin üzvü Vasif Qafarov təklif edib ki, mövcud ikipilləli müdafiə sisteminin mərhələli şəkildə ləğv edilərək vahid doktorluq dərəcəsi modelinə keçid edilsin.Bəs birmərhələli doktorantura təhsil sistemimizə nə qazandıracaq? İkipilləli müdafiə sisteminin (fəlsəfə doktoru və elmlər doktoru) mənfi cəhətləri hansıdır? Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Ceyhun Məmmədov Metbuat.az-a açıqlamasında özünün də bu məsələni əvvəlki iclaslarda dəfələrlə qaldırdığını vurğulayıb. O bildirib ki, artıq dünya təcrübəsində ikipilləli doktorantura sistemi mövcud deyil: “Azərbaycan istisna olmaqla, dünyanın heç bir ölkəsində iki mərhələli doktorluq modelinə rast gəlinmir. Buna bir daha şahid olmaq mümkündür. Məhz buna görə hesab edirəm ki, bizdə də bir mərhələli doktorantura sisteminə keçid təmin olunmalıdır. Bu keçid ilk növbədə, gənclərin elmə marağını daha da artıracaq. Daha çox gənc alim olmaq üçün öz üzərində işləyəcək, özünü inkişaf etdirəcək. Eyni zamanda mövcud sistem alimlərimiz üçün ciddi vaxt itkisinə səbəb olur. Onlar illərini əlavə mərhələlərə, prosedurlara və bürokratik proseslərə sərf etməli olurlar”.C.Məmmədov qeyd edib ki, burada ikinci mühüm məsələ isə vaxt faktoru ilə yanaşı, alimlərimizin beynəlxalq mövqeyidir: “Birmərhələli doktorantura sisteminə keçid alimlərimizin dünya elmi reytinqlərində irəliləməsinə də töhfə verəcək. Bu, onların daha sürətli şəkildə dünya elminə inteqrasiyasına imkan yaradacaq, fəaliyyətlərinin səmərəliliyini artıracaq. Nəticə etibarilə alimlərimizin diqqəti əlavə prosedurlara deyil, birbaşa elmi araşdırmalara və tədqiqata yönələcək”. Təhsil eksperti Ramin Nurəliyev də öz açıqlamasında hələ də sovet dövründən qalma tədris və təhsil sistemi üzərindən akademik karyera qurduğumuzu qeyd edərək bizdə hələ də mövcudluğunu qoruyan ikipilləli sistemin inkişaf etmiş ölkələrin heç birində olmadığını təsdiqləyib. Onun fikrincə, artıq inkişaf etmiş ölkələrin tədris pillələrinə uyğunlaşmaq zamanıdır və sovet psixologiyasından çıxmalıyıq: “Fəlsəfə doktoru və elmlər doktoru kimi iki mərhələli akademik pillə gənclərimizin, gənc alimlərin və alim ola biləcək şəxslərin həm bürokratik baxımdan qarşısını alır, həm də vaxt itkisinə səbəb olur. Təsəvvür edin ki, əvvəl fəlsəfə doktorluğu üzrə müdafiə üçün komissiya toplanır, uzun və çətin bir prosesdən keçilir, ardınca isə elmlər doktorluğu üçün yenidən ayrıca komissiya yaradılır və müdafiə prosesi baş tutur. Bu müddətdə müxtəlif bürokratik əngəllər ortaya çıxır və illər itirilir. Nəticədə isə görürük ki, bəzi alimlərimiz 40–45 yaşına çatmasına baxmayaraq hələ də tam formalaşmış elmi dərəcəyə sahib olmur. Bu isə həqiqətən acınacaqlı bir vəziyyətdir. Məhz buna görə hesab edirəm ki, birmənalı şəkildə birbaşa doktorantura — yəni birpilləli doktorluq sisteminə keçid edilməlidir. Bu keçid həm gənclərimizin akademik karyerasına, həm elmi araşdırmalarına, həm də tədqiqat sahəsində fəaliyyətlərinə müsbət təsir göstərəcək. Biz postsovet ölkələrinin gedişatı ilə deyil, inkişaf etmiş ölkələrin tətbiq etdiyi akademik modelə istiqamətlənməliyik. Çünki mövcud sistem gənclərimizin elmi inkişafında və tədqiqat fəaliyyətində ciddi əngəllər yaradır”.R.Nurəliyev hesab edir ki, vahid doktorantura sisteminə keçid gənclərin həm elmi dərəcəni daha qısa müddətdə əldə etməsinə, həm də daha erkən yaşda akademik mühitdə formalaşmasına imkan verəcək: “Hazırda, məsələn, PhD dərəcəsini bitirmiş gənclərimiz beynəlxalq təhsil müəssisələrinə və ya beynəlxalq müsabiqələrə müraciət edərkən CV-lərində mütləq əlavə izahat verməli olurlar ki, “fəlsəfə doktoru” anlayışı nə deməkdir, elmlər doktoru hansı pilləyə uyğundur. Bu isə beynəlxalq akademik sistemdə əlavə suallar və problemlər yaradır. Bəzən bu dərəcələr qəbul olunur, bəzən isə yox — qrantlarda, layihələrdə və növbəti akademik pillələrə keçiddə çətinliklər meydana çıxır. Beynəlxalq təhsil sistemində tətbiq edilən birpilləli doktorantura modelinə keçid bu problemləri aradan qaldırar və bizi sovet düşüncəsindən tam uzaqlaşdırar. Bu, həm akademik karyera baxımından, həm də gənc alimlərin daha tez yetişməsi, formalaşması və inkişafı baxımından mühüm üstünlüklər yaradar”. Ekspert qeyd edib ki, birmərhələli sistemdə alim artıq müstəqil şəkildə professorluq istiqamətinə addımlaya bilir və iki ayrı dissertasiya müdafiə etmək məcburiyyətində qalmır. Bu da vaxt itkisinin qarşısını alır, gənc yaşda nailiyyət əldə etməyə imkan yaradır: “Gənclər elmi dərəcəni daha qısa müddətdə qazanır, beynəlxalq müsabiqələrdə və layihələrdə rahat iştirak edir, diplomların tanınması ilə bağlı problem yaşamırlar. Nəticə etibarilə, birpilləli akademik sistemə keçid gənc alimlərimizin daha tez və daha sağlam şəkildə inkişaf etməsinə ciddi töhfə verə bilər. Mən hesab edirəm ki, bu addım artıq qaçılmazdır və Azərbaycan təhsil sisteminin beynəlxalq standartlara uyğunlaşması üçün vacibdir”. Sevinc İbrahimzadə / Metbuat.azMəqalə Medianın İnkişafı Agentliyinin (MEDİA) maliyyə dəstəyi ilə "elmi-kütləvi, mədəni-maarif, təhsil proqramlarının hazırlanması" mövzusu üzrə dərc olunub.

Seçilən
29
metbuat.az

1Mənbələr