R.Həsənov qeyd edib ki, xüsusilə mikro və kiçik sahibkarların bir çoxu sadələşdirilmiş vergi ödəyicisi kimi dövriyyədən 2 faiz vergi ödəyir, bu zaman dövriyyədən əlavə olaraq 3 faizin yalnız ekvayer xidmətlərinə görə ödənilməsi prosesin cəlbediciliyini ciddi şəkildə azaldır. Bu baxımdan hökumət ekvayer xidmətlərinin daha adekvat tariflərlə təşkil olunmasını, nağdsız ödəniş sistemlərinin daha az xərc tələb edən formalarının tətbiqini təşviq etməklə sahibkarlara dəstək göstərə bilər. İqtisadçı bazarda alqı-satqı münasibətlərinin mövcud konyunkturasına da diqqət çəkib: “Nağdsız formada cəlb olunan vəsaitlərin xərclənməsi və ya nağdlaşdırılması zamanı da bir sıra çətinliklər yaranır. Məsələn, ticarət müəssisəsi aldığı məhsulların bir çoxuna görə nağdsız ödəniş edə bilmir, bazar buna imkan vermir və məcbur nağd ödənişlər həyata keçirir. Bu halda ona edilən nağdsız ödənişləri bankdan nağdlaşdırmalı olur və nağdlaşdırma zamanı 1 faiz əlavə vergi ödəyir. Bundan başqa, hüquqi şəxslər ay ərzində 30 min manatdan, fiziki şəxslər isə 15 min manatdan artıq nağdlaşdırma edə bilmirlər. Nəticədə sahibkarın öz fəaliyyətini normal şəkildə təmin etməsi imkanları zəifləyir və əlavə çətinliklər yaranır. Bütövlükdə bu konyunktura sahibkarları qeyri-formal fəaliyyətə sövq edir və onları kölgə iqtisadiyyatına yaxınlaşdırır. Hökumət məhz bu məqamlar üzrə effektiv həllər təklif etməklə nağdsız ödənişlərə qarşı mövcud müqaviməti azaltmağa çalışmalıdır”. Ekspert istehlakçı hüquqlarının müdafiəsi baxımından da məsələnin son dərəcə vacibliyini diqqətə çatdırıb: “İstənilən halda nağdsız ödənişə görə məhsulun daha yüksək qiymətə təklif edilməsi qanunsuzdur və ödəniş növündən asılı olmayaraq qiymətlər sabit olmalıdır. Bu cür təkliflərin arxasında əsas məqsəd dövriyyənin rəsmiləşdirilməməsi və bununla fiskal, vergi və xidmət komissiyalarından yayınmaqdır. Təəssüf ki, bir sıra hallarda “qazan-qazan” modeli adı altında müştəri ilə ticarət subyekti arasında razılaşma əldə olunur və əməliyyat qeyri-formal şəkildə həyata keçirilir. Bu isə bütün tərəflər üçün arzuolunan deyil. Dövlət vergi bazasını itirir və vergi gəlirləri azalır. Digər tərəfdən istehlakçı sabah yarana biləcək hər hansı mübahisə zamanı alqı-satqını sübut etmək və məhkəmə yolu ilə öz hüquqlarını müdafiə etmək imkanından məhrum olur”. Sevinc İbrahimzadə / Metbuat.az