AZ

Media nümayəndələri “Aztürk Holdinq”in “NeoOrdo” layihəsi ilə tanış olub – FOTO 

Bir qrup media nümayəndəsi “Aztürk Holdinq”in ofisində olub.

Doğru.az xəbər verir ki, görüş çərçivəsində jurnalistlər holdinq tərəfindən həyata keçirilməsi planlaşdırılan “NeoOrdo” adlı iri miqyaslı innovativ turizm və əyləncə layihəsi barədə ətraflı məlumatlandırılıblar.

Bildirilib ki, 36 hektar ərazidə yaradılması nəzərdə tutulan və ABŞ-də fəaliyyət göstərən “Disneyland” modelindən daha müasir, texnoloji və çoxfunksiyalı olması planlaşdırılan turizm-əyləncə kompleksi Azərbaycanın qlobal turizm xəritəsində mövqeyinin möhkəmlənməsinə töhfə verə bilər. Təqdimatda vurğulanıb ki, dünya üzrə mövcud turist axınının cüzi hissəsinin belə cəlb edilməsi ölkəyə əhəmiyyətli turist axını yarada biləcək potensiala malikdir.

Hesablamalara əsasən, hər bir turistin minimum 1 000 ABŞ dolları həcmində xərcləmə etməsi nəzərə alındıqda, bu göstəricinin orta qlobal xərcləmədən aşağı və konservativ yanaşma olduğu bildirilib. Layihənin ölkə iqtisadiyyatına əhəmiyyətli maliyyə axını formalaşdıracağı qeyd olunub.

Vurğulanıb ki, “NeoOrdo”nun iqtisadi təsiri yalnız turizm gəlirləri ilə məhdudlaşmayacaq. Layihə xidmət sektorunun genişlənməsinə, yeni iş yerlərinin yaradılmasına, nəqliyyat və şəhər infrastrukturunun inkişafına, vergi və qeyri-vergi daxilolmalarının artmasına, həmçinin Azərbaycanın beynəlxalq investisiya cəlbediciliyinin yüksəlməsinə töhfə verə bilər. Uzunmüddətli perspektivdə layihə strateji təşəbbüs kimi qiymətləndirilir.

Media nümayəndələrinin diqqətinə çatdırılıb ki, “NeoOrdo” layihəsi dövlət büdcəsi üçün əlavə maliyyə yükü yaratmayan model əsasında planlaşdırılıb. Layihənin maliyyələşdirilməsinin əsasən özəl və beynəlxalq investisiya mexanizmləri hesabına həyata keçirilməsi nəzərdə tutulur.

Təqdimatda layihənin konseptual yanaşmasına da toxunulub. Bildirilib ki, “NeoOrdo” qapalı deyil, açıq sistem prinsipləri üzərində qurulub və imkanların geniş ictimaiyyət üçün əlçatan olması əsas məqsədlərdən biridir. Layihənin əsas prinsipləri sırasında ictimai ədalət, şəffaflıq və bərabər imkanların təmin edilməsi göstərilib.

Tədbir çərçivəsində milli ideologiyanın təbliği və vətənpərvərlik dəyərlərinin cəmiyyətə çatdırılmasında fəal iştirak edən media qurumları və jurnalistlərə “Aztürk Holdinq”ə göstərdikləri dəstəyə görə təşəkkür edilib və onlar mükafatlandırılıb.

“Aztürk Holdinq”in prezidenti Güləli Bağırov bildirib ki, holdinq gələcəkdə də milli ideologiyanın təşviqi və vətənpərvərlik mövqeyi ilə seçilən media qurumlarına dəstəyini davam etdirəcək və bu istiqamətdə yeni təşəbbüslər həyata keçiriləcək.

DOĞRU.AZ

image-img-20260123-wa0105image-img-20260123-wa0102 image-img-20260123-wa0107 image-img-20260123-wa0108 image-img-20260123-wa0106

Seçilən
15
4
dogru.az

5Mənbələr