BAKI, 24 yanvar. TELEQRAF
"Tesla Cybertruck" modelinin satışlarının 2025-ci ildə kəskin şəkildə azalıb. Belə ki, ötən il 38 965 ədəd satılan pikapdan bu il cəmi 20 237 ədəd satılıb, bu da 48%-lik azalma deməkdir.
Teleqraf xəbər verir ki, bu barədə "CBS News" məlumat yayıb.
Məlumata əsasən, satışların azalması təkcə "Cybertruck"la məhdudlaşmayıb. Tesla "Model X", "Model S" və "Model Y" modellərinə olan tələbat da düşüb. Yeganə artım "Model 3"də qeydə alınıb, bu modelin satışları 1,3% artaraq 192 440 ədədə çatıb.
Şirkət daha əvvəl biznesə təzyiqləri ticarət, tarif və fiskal siyasətlə bağlı qeyri-müəyyənliklə izah edib. Buna baxmayaraq "Tesla" ABŞ elektrik avtomobili bazarında təxminən 46%-lik payla lider mövqeyini qoruyur.
Bildirilir ki, "Cybertruck" modelinin nüfuzuna 2024-cü ildə baş verən kütləvi geri çağırmalar da mənfi təsir göstərib. Həmin il 46 min pikap dekorativ panel, arxa görüntü kamerası, şüşəsilənlər və qaz pedalı ilə bağlı problemlərə görə geri çağırılıb. 60 990 dollardan başlayan yüksək qiymət və texniki çatışmazlıqlar fonunda modelə maraq daha da azalıb.