BAKI, 24 yanvar. TELEQRAF
ABŞ vitse-prezidenti Cey Di Vens fevral ayında Azərbaycan və Ermənistana səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" hesabında məlumat verib.
Tramp qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana 2025-ci ilin yayında imzalanmış sülh sazişinin şərtlərinə əməl etdiklərinə görə minnətdardır. ABŞ prezidenti vurğulayıb ki, Vensin səfərinin məqsədi sülh təşəbbüslərini davam etdirmək və “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu”nun həyata keçirilməsinə dəstək verməkdir.
Bundan əlavə, Tramp ABŞ-nin Ermənistanla dinc nüvə enerjisi sahəsində əməkdaşlıq haqqında saziş imzalamağı, Azərbaycanla isə yarımkeçiricilərin və hərbi məhsulların, o cümlədən bronjiletlər və katerlərin, tədarükünə dair müqavilələr bağlamağı planlaşdırdığını da açıqlayıb.