AZ

Starmer Çaqos adalarının Mavrikiya verilməsi ilə bağlı qanun layihəsini geri götürüb

BAKI, 24 yanvar. TELEQRAF

Böyük Britaniyanın baş naziri Kir Starmer ABŞ prezidenti Donald Trampın tənqidindən sonra Hind okeanının mərkəzində yerləşən Çaqos arxipelaqının Mavrikiya verilməsi ilə bağlı sazişi parlamentin gündəliyindən çıxarıb.

Teleqraf xəbər verir ki, bu barədə "The Daily Telegraph" qəzeti mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, sənəd yanvarın 26-da Böyük Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasında müzakirəyə çıxarılmalı idi. Lakin hökumət razılaşmanın baxılmasını təxirə salıb. Nəşrin yazdığına görə, bu qərar müxalifətdə olan Mühafizəkarlar Partiyasının Londonun Çaqosdan imtinasının Böyük Britaniya ilə ABŞ arasında 1966-cı ildə imzalanmış razılaşmanı poza biləcəyi barədə açıqlamalarından sonra verilib. Həmin razılaşmaya əsasən, arxipelaq Böyük Britaniyanın suverenliyi altında qalmalı idi.

Mühafizəkarlar Partiyasının lideri Kemi Beydnoç bildirib ki, Kir Starmer Çaqos məsələsində beynəlxalq hüququ arxasına sığınmağa çalışsa da, mühafizəkarlar onun arxipelaqdan imtinasının qanunsuz ola biləcəyini sübut edirlər. Beydnoç bu mövzunu ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Mayk Consonun Londona səfəri zamanı qaldırdığını da qeyd edib.

Xatırladaq ki, ötən ilin mayın 22-də Starmer Mavrikiya ilə Çaqos arxipelaqının suverenliyinin ona verilməsini nəzərdə tutan sazişin imzalandığını açıqlamışdı. Razılaşmaya əsasən, Dieqo-Qarsiya adasında yerləşən Britaniya–ABŞ hərbi bazası 99 il müddətinə fəaliyyətini davam etdirəcək. Eyni zamanda Böyük Britaniya Mavrikiya hər il 100 milyon funt sterlinqdən (təxminən 137 milyon dollar) çox vəsait ödəyəcək və arxipelaqın xarici adalarında yad təhlükəsizlik qüvvələrinin yerləşdirilməsinə ciddi qadağa qüvvədə qalacaq.

Qeyd edək ki, yanvarın 20-də Tramp Çaqos adalarının Mavrikiya verilməsini “böyük axmaqlıq” və “tam zəiflik” adlandırmışdı. Starmer isə hesab edir ki, ABŞ prezidentinin bu mövqeyi Londonun Qrenlandiya məsələsində tutduğu mövqedən irəli gələn narazılıqla bağlıdır. Britaniya tərəfi daha əvvəl Tramp administrasiyasının Çaqos üzrə razılaşmanı təsdiqlədiyini dəfələrlə bəyan edib.

Arayış olaraq bildirək ki, Çaqos arxipelaqı 1965-ci ilə qədər Mavriki ilə birlikdə Britaniya koloniyası olub. Həmin il London arxipelaqı ayrıca inzibati vahidə çevirib. 1968-ci ildə Mavriki müstəqillik əldə etsə də, Çaqos Böyük Britaniyanın nəzarətində qalıb. 1966-cı ildə ABŞ Dieqo-Qarsiya adasını icarəyə götürərək burada hərbi baza yaradıb, arxipelaqın təxminən 1,5 min sakini isə deportasiya olunub.

2019-cu ildə BMT-nin Beynəlxalq Məhkəməsi Mavriki lehində məsləhət xarakterli rəy verib. Starmerin sözlərinə görə, Çaqosun Mavrikiya verilməsi hərbi bazanın fasiləsiz fəaliyyətinə təminat yaratmaq məqsədi daşıyır.

Seçilən
16
teleqraf.com

1Mənbələr