AZ

Sülh və qayıdış 

Azərbaycan öz hədəflərinə doğru inamla irəliləyir

"Qərbi azərbaycanlıların təhlükəsiz və ləyaqətli şəkildə, sülh yolu ilə Ermənistandakı dədə-baba torpaqlarına qayıdışının təmin edilməsi regionda sülhün, insan hüquqlarının və barışığın bərqərar olması üçün vacib şərtdir".

Prezident İlham Əliyevin ötən ilin mayında Türkiyənin paytaxtı Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətində bəyan etdiyi kimi, indiki Ermənistan ərazisindən deportasiya edilən soydaşlarımızın qayıdışı tarixi ədalətin və insan hüquqlarının bərpası kimi mühüm əhəmiyyət kəsb edir.   

XX əsrin müxtəlif dövrlərində erməni millətçiləri azərbaycanlılara məxsus torpaqları qəsb edib, soydaşlarımıza qarşı etnik təmizləmə siyasəti aparıblar. Tarixi faktlara əsasən, Qərbi Azərbaycanda - Ermənistan ərazisində 1918-1921, 1948-1953-cü illərdə sistemli və total şəkildə etnik təmizləmə həyata keçirilib. 1988-ci il yanvarın 25-də isə Ermənistan SSR-də yaşayan azərbaycanlı əhalinin kütləvi deportasiya edilməsinə başlanmışdır. Bu gün Ermənistanın monoetnik dövlət olmasının səbəbi də elə budur. Vaxtilə Ermənistana rəhbərlik etmiş şovinist Levon Ter-Petrosyan hələ 1993-cü ildə Ağdamın işğalı günü etdiyi çıxışı zamanı Ermənistanın və "Dağlıq Qarabağ"ın yad millətlərdən (azərbaycanlılardan - red.) tamamilə təmizləndiyini etiraf etmişdir. 

Deportasiyalar zamanı soydaşlarımıza qarşı kütləvi qırğınlar həyata keçirən erməni şovinistləri daha çox ərazi əldə etmək üçün həm də Azərbaycana qarşı işğal siyasətini həyata keçirməyə başladılar. Öz tarixi yurdlarından deportasiya edilən, didərgin salınan milyondan çox soydaşımız bu sayədə qaçqınlıq, məcburi köçkünlük kimi ağır həyata məhkum edildilər. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi sayəsində keçmiş məcburi köçkünlərimizin torpaq həsrətinə birdəfəlik son qoyuldu və artıq beş ilə yaxındır ki, Qarabağ və Şərqi Zəngəzura mütəmadi olaraq qayıdış köçləri həyata keçirilir. Böyük qayıdış qərbi azərbaycanlıların da hər birinin ürəyində yaşatdığı yurda qayıdış ümidini dirçəltdi. Bu soydaşlarımız da zorla qovulduqları dədə-baba yurdlarına qayıdacaqları günü inam və səbirsizliklə gözləyirlər. 

Azərbaycanlıların Ermənistandan deportasiyasının sonuncu və öz miqyasına və icra üsullarına görə ən dəhşətli mərhələsi 1987-1991-ci illərə təsadüf edib. Bu ona görə idi ki, bu mərhələdəki deportasiya Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları irəli sürməsi ilə eyni vaxta təsadüf etmişdi. Təkcə 1987-1991-ci illər ərzində üç yüz minə yaxın azərbaycanlı Qərbi Azərbaycandan deportasiya olunmuşdu.

Mövzu ilə bağlı "Azərbaycan" qəzetinə danışan Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov söylədi ki, ermənilər, 1918-ci ildən etibarən isə Ermənistan Azərbaycan üçün hər zaman problemlər yaradıb: 

- Onların Azərbaycan ərazilərinə olan iddiaları sovet rəhbərliyi, ona qədər çar Rusiyası, sonraki illərdə isə Qərb dövlətləri tərəfindən dəstəklənib. Yəni ermənilərin yalançı göz yaşları həmişə onlara imkan verib ki, Qərb onların ədalətsiz iddialarına "hə" desin. Ancaq çox təəssüf ki, Azərbaycanın haqq işini müdafiə edən dövlət olmayıb. 1980-ci illərin sonlarında da belə idi. Ölkəmizdə hakimiyyətdə olan birincilər Azərbaycana birincilik edə bilmədilər. Moskva nəyi deyirdisə, Azərbaycan hakimiyyəti də onu qəbul edib həyata keçirirdi. Amma Azərbaycandan fərqli olaraq Ermənistanda ortaya atılan ədalətsiz iddiaları həm ermənilər, həm  erməni millətçi təşkilatları, həm də Ermənistan hakimiyyəti məmnuniyyətlə qəbul edir və birləşə bilirdilər. Onların ilk iddialarında belə bir düşüncə kök salmışdı: nə qədər ki, Ermənistan SSR-də azərbaycanlı əhali yaşayır, bu, Ermənistan üçün problemdir. Bunun üçün də həmin əhali buradan qovulmalı, Ermənistan SSR ərazisi azərbaycanlılardan təmizlənməlidir. Ondan sonra isə növbə Qarabağ və Zəngəzura gəlib çatırdı. Ona görə də heç bir günahı olmayan azərbaycanlı əhalinin kütləvi şəkildə deportasiyasına başlanıldı.

Anar İsgəndərov soydaşlarımızın deportasiyasının həm də o vaxt Azərbaycan SSR-də hakimiyyətdə olanların uğursuz fəaliyyəti ilə birbaşa bağlı olduğunu qeyd etdi.

Əliyalın azərbaycanlılar 1988-ci ilin yanvarında kütləvi şəkildə, əmlakları əllərindən alınmaqla, yüzlərlə insan öldürülməklə, qorxudulmaqla qışın sərt şaxtalı günlərində o zaman Ermənistan SSR adlanan ərazidən, amma öz tarixi torpaqlarından qovuldular.

Qeyd edək ki, Cənubi Qafqazda sabitliyin, barışın, davamlı inkişaf və tərəqqinin təməli ötən il avqustun 8-də Vaşinqton Sülh Sammitində qoyulub. Ağ Evdə sülh sazişi mətninin paraflanması həm də bu coğrafiyada yaşayan xalqların firavan həyatının təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir. Bu mənada indiki Ermənistan ərazisindən deportasiya edilən qərbi azərbaycanlıların qayıdış hüquqlarının təmin olunması beynəlxalq hüququn və ədalətin bərqərar olması anlamına gəlir. Azərbaycan dövləti Qərbi Azərbaycana qayıdış məsələsini daim beynəlxalq gündəlikdə qaldırır və bu istiqamətdə işlər həyata keçirir. 

1989-cu ildən fəaliyyət göstərən "Azərbaycan Qaçqınlar Cəmiyyəti" İctimai Birliyinin adı 3 avqust 2022-ci ildə dəyişdirilərək "Qərbi Azərbaycan İcması" adlandırılıb. İcmanın yeni Nizamnaməsi təsdiq olunub, Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların geriyə qayıtmasının təmin edilməsi ilə bağlı Qayıdış Konsepsiyası hazırlanıb. Qayıdış Konsepsiyası indiki Ermənistan ərazisindən zorla çıxarılmış azərbaycanlıların geriyə qayıtması üçün Qərbi Azərbaycan İcmasının həyata keçirəcəyi fəaliyyətin məqsədləri, prinsipləri, hazırlıq və icra tədbirləri üçün ümumi çərçivəni müəyyən edir. Konsepsiya beynəlxalq hüquqa, aidiyyəti dövlətdaxili hüquqa, tarixi faktlara əsaslanır, ədalətin və sülhün bərqərar olunmasına xidmət edir. 

Beynəlxalq birlik də qərbi azərbaycanlıların qayıdış hüquqlarını dəstəkləyir. Ötən il Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə qəbul edilən Xankəndi Kommünikesində Ermənistandan qovulmuş azərbaycanlıların öz doğma yurdlarına ləyaqətli qayıdış hüququ da əks olunub. Həmçinin keçən il İstanbulda keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 51-ci sessiyasının yekununda ilk dəfə olaraq Qərbi Azərbaycan İcması ilə bağlı qətnamə qəbul olunub. Prezident İlham Əliyevin 21 may 2025-ci ildə Türkiyənin paytaxtı Ankara şəhərində "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciəti BMT sənədi kimi yayılıb.

Bütün bunlar onu deməyə əsas verir ki, bir gün Qərbi Azərbaycandan olan soydaşlarımız da sülh yolu ilə təhlükəsiz şəkildə tarixi torpaqlarına qayıdacaqlar. 

Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Seçilən
26
azerbaijan-news.az

1Mənbələr