AZ

Azərbaycanda nə qədər monqolun olduğunu bilmirəm - Monqol jurnalistlə MÜSAHİBƏ

Modern.az saytı xarici jurnalistlərlə silsilə müsahibələrə başlayır. Müsahibələrdə ölkələrarası əlaqələrə həmin jurnalistlərin baxışını, eləcə də həmin ölkələrdə Azərbaycana və azərbaycanlılara yanaşmanı, ortaq cəhətləri öyrənməyə çalışacağıq.

İlk müsahibimiz Monqolustandan olan jurnalist Nymadary Baigalma olub. O, gogo.mn saytının əməkdaşıdır. 

Onunla söhbəti təqdim edirik:

- Nymadary xanım, Azərbaycan-Monqolustan münasibətlərini necə xarakterizə edərdiniz?

- İnanıram ki, Azərbaycan və Monqolustan arasında münasibətlər sabit və dostyanadır. İqtisadi və siyasi əməkdaşlıq geniş olmasa da, diplomatik əlaqələr, mədəni mübadilələr və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq yaxşı səviyyədə davam edir.

- Bu gün Monqolustanda jurnalist olmaq necədir? Ölkənizdə medianın və mətbuat azadlığının mövcud vəziyyətindən razısınızmı? Hansı media qurumları aparıcı hesab olunur?

- Monqolustanda jurnalist olmaq maraqlı, amma çətin bir işdir. Söz və mətbuat azadlığı qanunla qorunur, lakin praktikada maliyyə asılılığı, redaksiya siyasətləri və siyasi təsir məsələləri problem ola bilər. Buna baxmayaraq, əksər media qurumları işini vicdanla yerinə yetirməyə çalışır. Mən düşünürəm ki, zamanla keyfiyyətsiz və sensasion media tədricən aradan qalxacaq və daha peşəkar media qurumları inkişaf edəcək.


- Monqolustada aparıcı media qurumları hansılardır və jurnalistlərin orta maaşı yetərli həyat səviyyəsini təmin edirmi?

- Milli televiziya kanalları, əsas qəzetlər və onlayn xəbər platformaları nüfuzlu hesab olunur. Lakin orta jurnalist maaşı yüksək yaşam xərclərini qarşılamağa çatmır ki, bu da peşə üçün hələ də bir çətinlikdir.

- Bu gün Monqolustanda əhalinin əsas məşğuliyyət sahələri hansılardır? İnsanlar hələ də köçəri həyat tərzini üstün tutur, yoxsa urbanizasiya bu ənənəni əhəmiyyətli dərəcədə dəyişib?

- Hazırda əhalinin əksəriyyəti xidmət, ticarət, mədənçilik, dövlət və özəl sektor sahələrində çalışır. Ənənəvi köçəri heyvandarlıq davam etsə də, urbanizasiya güclüdür və əhalinin böyük hissəsi şəhərlərdə yaşayır. Bu gün Monqolustanda təxminən 3,5 milyon nəfər yaşayır və onların 1,7 milyonu paytaxt Ulan-Bator şəhərində toplaşıb. Bu rəqəm isə əhalinin yarısından çoxu deməkdir.


- Ənənəvi monqol adətləri və gündəlik həyat bu gün nə dərəcədə qorunub saxlanılır? Məsələn, müasir gənclər “yurt” (çadır evlər) həyat tərzinə necə baxır?

- Monqollar ənənəvi mədəniyyət və adətləri xeyli qoruyurlar. Şəhər həyat tərzi bir çox gənclər arasında üstün olsa da, ənənəvi praktikaları qorumağa və gündəlik həyatda yaşatma marağı artmaqdadır. Məsələn, bəzi insanlar gündəlik olaraq “deel” (ənənəvi monqol geyimi) geyinir, uşaqlar və gənclər ənənəvi musiqi və mədəni irslə maraqlanırlar. Yaxın zamanda keçiriləcək Monqol Milli Yeni ili (Tsagaan Sar) üçün hər ev hazırlıq görür.
Müasir gənc monqollar üçün ənənəvi "yurt" həyat tərzi mədəni irsin vacib hissəsi kimi qiymətləndirilir, lakin çoxu bunu gündəlik həyatında yaşamır. Şəhər həyatının üstünlük təşkil etməsinə baxmayaraq, gənclər köçəri ənənələri qorumağa, kənd yerlərini ziyarət etməyə və "yurt" həyat tərzi ilə bağlı bacarıqları öyrənməyə maraq göstərirlər. Onlar üçün bu, tam iştah həyat tərzi deyil, kimlik, tarix və təbiətlə əlaqə deməkdir.

- Heyvandarlıq, xüsusən qoyunçuluq monqol mədəniyyətinin əsas elementidir. Monqolustan qoyunlarının ətinin Azərbaycana idxalı həyata keçirilir, lakin onların halal qaydalara uyğun kəsilmədiyi barədə müzakirələr gedir. Qoyunların ənənəvi monqol üsulu ilə kəsilməsi və digər mədəniyyətlərdəki fərqləri izah edə bilərsinizmi?

- Monqollar ənənəvi olaraq qoyunları daxildən kəsirlər, məqsəd heyvana az əzab vermək və sürətli ölüm təmin etməkdir. Bu üsul köçəri həyat tərzini və təbiətə hörməti əks etdirir. İslam ənənələri isə halal kəsim qanı boşaltmaq və xüsusi dini mərasimlərin yerinə yetirilməsini tələb edir. Fərq düzgün və ya səhv məsələsində deyil, mədəni və dini fərqlərdədir.


- Monqolustanın iqtisadiyyatı əsasən nədən asılıdır? Əsas ixracat məhsulları və ən çox idxal edilən mallar hansılardır?

- Monqolustan iqtisadiyyatı hələ də əsasən mədənçiliyə bağlıdır. Kömür, mis və digər minerallar ixrac gəlirlərinin böyük hissəsini təşkil edir və əsasən xarici bazarlara göndərilir. Eyni zamanda, kənd təsərrüfatı, xüsusilə heyvandarlıq - ənənəvi sahə kimi vacibdir, lakin iqtisadiyyatın ümumi payında nisbəti azdır.
Monqolustan yanacaq, texnika, bəzi ərzaq məhsulları və istehlak malları idxal edir. Son illərdə iqtisadiyyatın şaxələndirilməsi, istehsalatın inkişafı, bərpa olunan enerji, daxili ərzaq istehsalı və turizmin inkişafı siyasətinin əsasını təşkil edir.

- Rusiya və Çin kimi iki böyük dövlət arasında yerləşmək Monqolustan üçün hansı siyasi və iqtisadi çətinliklər və üstünlüklər yaradır?

- İki böyük qonşu arasında yerləşmək Monqolustana yaxın bazarlara çıxış imkanı verir, bu, iqtisadi üstünlükdür. Lakin xarici siyasətdə balansı qorumaq və iqtisadi asılılıqdan qaçmaq daimi çağırışdır.

- Türkdilli xalqlar və monqollar arasında hansı ümumi tarixi və mədəni əlaqələr mövcuddur? Tarixi və mədəni baxımdan nə qədər yaxın olduğumuzu düşünürsünüz?

- Türkdilli xalqlar və monqollar arasında bir çox tarixi və mədəni əlaqələr mövcuddur. Hər ikisi ənənəvi olaraq Avrasiya səhrasında köçəri həyat tərzi sürüb, oxşar heyvandarlıq təcrübələri, təbiətə uyğunlaşma və klan əsaslı təşkilatlara malik olub. Köçəri dövlətlər tez-tez qarşılıqlı əlaqədə olub və bir-birinə təsir göstərib, nəticədə tarixləri iç-içə keçib. Şəxsi olaraq mən iki dildə çox sayda oxşar sözlərin olduğunu öyrənəndə təəccübləndim.


- Çingiz xanın irsi bu gün də dünya miqyasında geniş müzakirə olunur. Müasir monqollar onun tarixi rolunu necə qiymətləndirirlər?

- Müasir monqollar Çingiz xanın tarixi rolunu yüksək qiymətləndirir və bununla qürur duyurlar. O, Monqol dövlətinin əsaslarını qoyan, parçalanmış köçəri tayfaları güclü imperiyayada birləşdirən lider kimi görülür. Hər bir monqol bu irslə qürur duyur. Məsələn, 2023-cü ildə Çingiz Xan Muzeyi yaradılıb, tarixi mənbələri və eksponatları qoruyur, turistlər üçün ziyarətgah rolunu oynayır. Bundan əlavə, Monqolustan dünyanın ən böyük atlı heykəlini Tsonjin Boldoqda nümayiş etdirir.

- Monqollarda Azərbaycan haqqında hansı təsəvvürlər var? Azərbaycanda yaşayan və ya çalışan monqollar var?

- Monqollarda Azərbaycan əsasən zəngin tarixi və mədəniyyətə malik ölkə kimi tanınır. Hazırda ölkəmdə 15 nəfər Azərbaycan vətəndaşı yaşayır. Azərbaycan vətəndaşlarının əksəriyyəti əmək fəaliyyəti ilə məşğul olan şəxslərdir. Onların arasında iş adamları, tələbələr və miqrantlar var. 
Azərbaycanda nə qədər monqolun yaşamasından xəbərsizəm. Amma bilirəm ki, Bakıda keçirilən beynəlxalq cüdo yarışlarında monqol idmançılar bu yarışlarda yaxşı nəticələr göstərib. Azərbaycan güləş ölkəsidir və Monqolustan da güləşə böyük qiymət verir. Buna görə də hesab edirəm ki, bizdə ortaq maraqlar mövcuddur. Şəxsi fikrimcə, Azərbaycan mənim ziyarət etmək istədiyim ölkələrdən biridir.

- Monqolustan mediası Azərbaycanın 44 günlük müharibəsini necə işıqlandırıb?

- Monqolustan mediası əsasən beynəlxalq mənbələrə istinad edib və nisbətən neytral məlumatlar təqdim edib.

- Ermənistanın işğalından azad edilmiş Qarabağ bölgəsinə çoxlu xarici jurnalist səfər edib. Siz də gələcəkdə belə bir səfərdə iştirak etmək istərdinizmi?

- Azərbaycanın Qarabağ bölgəsinə səfər imkan yaranarsa, niyə də getmək istəməyim...


 

Seçilən
35
1
modern.az

2Mənbələr