AZ

“Moped və motosikletlə oyuncaq kimi davrandıqları üçün qəzalar artır” EKSPERT

ain.az bildirir, Avtosfer portalına istinadən.

Son günlər açıqlanan rəsmi statistik məlumatlar moped və motosiklet sürücülərinin iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayında artım olduğunu göstərir. Xüsusilə paytaxt və iri şəhərlərdə bu tip nəqliyyat vasitələrinin sayının çoxalması, eləcə də təhlükəsizlik qaydalarına əməl edilməməsi qəzaların artmasının əsas səbəbləri kimi göstərilir.

Bəs moped və motosiklet qəzalarının sayının artmasının əsas səbəbləri nələrdir və bunun qarşısını necə almaq olar?

Mövzu ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı Avtosfer.az-a bildirib ki, son vaxtlar moped və motosikletlərlə bağlı baş verən narahatedici hadisələr ciddi düşünməyə əsas verir. Onun sözlərinə görə, bu sahədə mövcud olan qanunvericilik boşluqları artıq mərhələli şəkildə aradan qaldırılır və yeni qaydalara əsasən, mopedlər də dövlət qeydiyyatına alınır, onlara dövlət nömrə nişanı verilir.

Moped idarə etmək üçün yaş həddi müəyyənləşdirilib, sürücülük hüququnun əldə olunması və digər prosedurlar tənzimlənir: “Çünki əvvəl bu sahədə boşluqlar mövcud idi və bu da xaotik vəziyyət yaradaraq ağır yol-nəqliyyat hadisələrinə səbəb olurdu”. Ekspertin sözlərinə görə, moped və motosikletlərə kütləvi keçid əsasən pandemiya dövründə başlayıb və bir çox insanlar bu nəqliyyat vasitələrinə ciddi yanaşmayaraq onları oyuncağa bənzədiblər: “Bu nəqliyyat vasitələri qanunla hüquq və vəzifələri müəyyən edilmiş real nəqliyyat növüdür və xüsusilə, gənclər, eləcə də onların valideynləri bunu dərk etməlidirlər. Moped və motosiklet istifadə edən hər bir şəxsin yol hərəkəti qaydaları barədə müəyyən biliklərə malik olması vacibdir. Svetoforlar, yol ayrıcıları, piyadalar və səkilərlə bağlı anlayışın olmaması ciddi risklər yaradır".

Ötmə zamanı avtomobil bir tərəfinin boş olmasına diqqət edin – Sürücülərə TÖVSİYƏ - VİDEO

Ekspert vurğulayıb ki, bəzi sürücülər moped və motosikletləri velosipedin bir forması kimi qəbul edir, halbuki bu nəqliyyat vasitələri daha güclü, daha sürətli və daha təhlükəlidir:  "Sürücülər mütləq qoruyucu vasitələrdən istifadə etməlidirlər. Dəbilqə qanunla məcburi olsa da, dizlik, dirsəklik və digər qoruyucu vasitələrdən istifadə də vacibdir. Sərnişin daşınan zaman onun da dəbilqə ilə təmin edilməsi zəruridir.

Mopedlər üçün icazə verilən maksimal sürət 50 kilometr saatdır. Lakin bəzi hallarda moped adı altında faktiki olaraq motosiklet istifadə olunur və bu nəqliyyat vasitələri yüksək sürətlə idarə edilir. Sürətə meyillilik qəza riskini dəfələrlə artırır. Xüsusilə yol ayrıcılarında və kəsişmələrdə kiçik bir diqqətsizlik belə faciə ilə nəticələnə bilər”.

Sonda Elməddin Muradlı bildirib ki, moped və motosikletlərin iştirakı ilə baş verən qəzaların əsas səbəbləri səhlənkarlıq, diqqətsizlik və qaydalara biganə yanaşmadır: "Günahın kimdə olduğunu istintaq müəyyən etsə də sürət həddinə əməl olunsa və diqqətli davranılsa, bu cür ağır nəticələrin qarşısını almaq mümkün olardı".

Eltac Zülfüqaroğlu

Oxunub 36

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
14
avtosfer.az

1Mənbələr