AZ

Bahadur Rzayev: Reabilitasiya mərkəzlərində məcburilik tətbiq olunmur - MÜSAHİBƏ

BAKI, 24 yanvar. TELEQRAF

Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müşaviri Bahadur Rzayev reabilitasiya mərkəzlərinə nəzarət, göstərilən xidmətlərlə bağlı Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.

- Bahadur bəy, ötən il Agentlik tərəfindən neçə nəfərə reabilitasiya xidməti göstərilib?

- 2025-ci il ərzində bizə tabe reabilitasiya müəssisələri tərəfindən göstərilən xidmətlərin həcmi öncəki illə müqayisədə 15 faiz artıb və ümumilikdə 141 730 nəfəri əhatə edib.

Reabilitasiya müəssisələrində əlilliyi olan şəxslərə stasionar, ambulator, icma əsaslı, telereabilitasiya, səyyar və sosial-psixoloji dəstək layihəsi üzrə reabilitasiya xidmətləri göstərilir.

Son illərdə isə göstərilən xidmətlərin spektri genişləndirilib. Belə ki, ənənəvi reabilitasiya xidmətlərindən əlavə, beynəlxalq təcrübəyə əsaslanan alternativ reabilitasiya xidmətləri də həyata keçirilir. Bu xidmətlərə misal olaraq ippoterapiya xidmətini, yoqa xidmətini və rəqs terapiyasını göstərmək olar.

Agentliyin mühüm fəaliyyət istiqamətlərindən biri əlilliyi olan şəxslərin dövlət büdcəsi hesabına reabilitasiyasının təşkilidir.

- Qurumun tabeliyində neçə reabilitasiya mərkəzi var?

- Hazırda müasir avadanlıqlarla təchiz edilmiş 4-ü uşaq reabilitasiya mərkəzi olmaqla ümumilikdə 15 reabilitasiya müəssisəsi, 1 Protez-Ortopedik İstehsalat və Reabilitasiya Mərkəzi, 1 “RehaPoint” Reabilitasiya Məntəqəsi olmaqla 17 müəssisə fəaliyyət göstərir.

Bu mərkəzlər ölkənin 9 regionunu əhatə edir. Bütün mərkəzlər yeni, müasir avadanlıqlarla təmin olunub. Burada onlar müalicəvi bədən tərbiyəsi, fizioterapiya, müalicəvi masaj, manual terapiya, loqoped, erqoterapiya, cəmiyyətə inteqrasiya üçün sosial-psixoloji dəstək, maqnitoterapiya, USM və lazerterapiya, elektroterapiya, icma əsaslı tədbirlər, reabilitasiya xidmətləri sahəsində müasir avadanlıqlar olan neyroforma, Robotik terapiya kimi avadanlıqlar vasitəsilə ən müasir və effektiv xidmətlərdən yararlana bilirlər.

Onu da əlavə edim ki, regionlarda 12 RehaPoint-reabilitasiya məntəqəsinin açılması nəzərdə tutulur.

- Bu planlara işğaldan azad olunmuş ərazilərdə reabilitasiya mərkəzlərinin açılması da daxildirmi?

- Bəli, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin planına uyğun olaraq həmin ərazilərdə də reabilitasiya xidmətlərinin təşkili və reabilitasiya mərkəzlərinin təmini nəzərdə tutulur.

- Ödənişli əsaslarla həyata keçirilən hər hansı xidmət növü varmı?

- Reabilitasiya müəssisələrimizdə əlilliyi olan şəxslər üçün göstərilən bütün xidmətlər tam ödənişsizdir. Xidmətlərə vətəndaşın qəbulu mərhələsindən başlayaraq bütün tibbi və sosial-psixoloji reabilitasiya xidmətlərinin icrası daxildir.

Proses həkim müayinələri ilə başlayır, müayinələrin nəticələrinə əsasən fərdi reabilitasiya planı tərtib olunur və həmin plana uyğun bütün xidmətlər ödənişsiz qaydada təqdim edilir.

Əlavə edim ki, vətəndaşlar yaşayış və qeydiyyat yerindən asılı olmayaraq istənilən reabilitasiya mərkəzindən xidmət ala bilirlər. Bu proses tam elektronlaşdırılıb.

- Agentlik özəl reabilitasiya mərkəzlərinə nəzarət edirmi?

- Bizim özəl reabilitasiya mərkəzləri üzərində nəzarət mexanizmimiz yoxdur. Bu məsələ Agentliyin nizamnaməsi ilə tənzimlənmir.

- Bəs Agentliyin tabeliyində olan reabilitasiya mərkəzlərində monitorinq prosesi necə həyata keçirilir?

- Nəzarət mexanizmləri ciddi şəkildə qurulub. Sözügedən mexanizm səhiyyədə keyfiyyətin idarə olunması prinsiplərinə uyğun həyata keçirilir. İl ərzində bir neçə dəfə Agentliyin müvafiq təsdiqli monitorinq qrupları tərəfindən mərkəzlərdə inspeksiyalar aparılır.

Bu yoxlamalar konkret meyarlar, əvvəlcədən müəyyən edilmiş standartlar və səmərəlilik göstəriciləri əsasında olur. Monitorinq zamanı tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri, eləcə də müəssisələrin idarə olunması üzrə bütün istiqamətlər yoxlanılır, nəticələrə uyğun hesabatlar hazırlanır. Eyni zamanda vətəndaşların rəy və təklifləri də toplanır.

- Reabilitasiya mərkəzlərində narkoloji müayinə aparılırmı?

- Müəssisələrimizdə yalnız əlilliyi olan şəxslərə peşəkar mütəxəssislər tərəfindən tibbi və sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir. Narkoloji testlər Agentliyin fəaliyyət istiqamətlərinə aid olmadığı üçün təmin olunmur.

- Reabilitasiyaya cəlb olunmada məcburi hallara rast gəlinirmi?

- Xeyr. Hər bir vətəndaşın ona göstərilən xidmətdən imtina etmək hüququ var. Məqsəd vətəndaşların cəmiyyətə inteqrasiyasını, reabilitasiya xidmətlərinə əlçatanlığının artırılmasını, bərpa prosesində əldə edilən nəticələrin davamlı olmasını və onların xidmətlərdən kənarda qalmamalarını təmin etməkdir.

Xidmətlərdən imtina etmək istəyən şəxs müvafiq müraciət edir və müəyyən olunmuş formaları doldurmaqla bu prosesi həyata keçirir. Heç bir məcburilik tətbiq olunmur.

- Əlilliyi olan şəxslər üçün hansı güzəştlər və imtiyazlar nəzərdə tutulur?

- Bu istiqamətdə bir sıra layihələrimiz var. Əlilliyi olan şəxslərin sosial həyata daha fəal cəlb olunması və xidmətlərə vahid platformadan çıxışının təmin edilməsi məqsədilə “Sənə Özəl” rəqəmsal platforması yaradılıb.

Bu əlillik kartı, tərəfdaş şəbəkəsi üzrə güzəşt və imtiyazlar, eləcə də fərdi məlumatlara vahid çıxış imkanlarını özündə birləşdirir. Əlillik kartları artıq rəqəmsallaşdırılıb və vətəndaşlar bu platforma vasitəsilə ondan istifadə edə bilirlər.

Tibb müəssisələrində növbəsiz keçid təmin olunur, tərəfdaş qurumlar vasitəsilə müxtəlif endirim və imtiyazlar tətbiq edilir.

Hazırda bir sıra tərəfdaşlarla əməkdaşlıq istiqamətində razılaşmalar əldə olunur və bu tərəfdaşlıq şəbəkəsinin gələcəkdə daha da genişləndirilməsi nəzərdə tutulur.

Seçilən
27
teleqraf.com

1Mənbələr