AZ

Davos sammiti başa çatdı: Qlobal dünyaya hansı mesajlar verildi?

Müəllif:Mehin Qasımova,Banco.az

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunun (DİF) 56-cı İllik Toplantısı başa çatıb.

Banco.az xəbər verir ki, yanvarın 20-də açılış mərasimi ilə start götürən sammit bu il “Dialoqun Ruhu” mövzusu altında keçirilib.

Sammitdə 130-dan çox ölkədən 3000-ə yaxın iştirakçı, o cümlədən biznes liderləri, siyasətçilər, akademiklər və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gələrək 250-dən çox sessiyada qlobal çağırışları müzakirə ediblər. Tədbirdə 64 dövlət və hökumət başçısı iştirak edib. Müzakirələrin əsas mövzuları qlobal qeyri-müəyyənliklər, geosiyasi və geoiqtisadi risklər, dünya iqtisadiyyatının gələcəyi, texnoloji transformasiya, süni intellekt və dayanıqlı inkişaf olub. 

Sammitə ABŞ Prezidenti Donald Trampın qayıdışı isə toplantıya xüsusi dinamika qatıb. Trampın iştirakı ilə Dünya İqtisadi Forumunun son illərin ən gərgin zirvələrindən birinə çevrildiyi qeyd olunur. ABŞ lideri təkcə çıxışı ilə deyil, Avropa ilə münasibətlər fonunda irəli sürdüyü sərt mövqelər və radikal təkliflərlə də diqqət mərkəzində olub.

Trampın çıxışını dinləmək üçün konfrans zalının qarşısında erkən saatlardan uzun növbələr yaranıb. Qrenlandiya ilə bağlı mümkün gərginlik fonunda açıqlamaları maraqla gözlənilən ABŞ Prezidenti, çıxışında bu istiqamətdə hərbi müdaxilə variantını istisna etməklə sammitdəki gərginliyi qismən azaldıb.

ABŞ iqtisadiyyatının gücündən danışan Tramp, ölkəsinin süni intellekt sahəsində mütləq üstünlüyə sahib olacağını vurğulayıb. O, Çinə texnologiya transferlərinin tam dayandırılacağı niyyətini bir daha təkrarlayaraq, süni intellekti “azadlıq aləti” deyil, ABŞ-ın qlobal gücünün “yeni qalası” kimi təqdim edib.

Ümumilikdə Davos sammitində iqtisadi gündəmin mərkəzində texnologiya və xüsusilə süni intellekt dayanıb. İstehsal və istehlak proseslərini köklü şəkildə dəyişdirəcək süni intellekt agentlərinə yatırımlar iqtisadi artımın əsas hərəkətverici qüvvələrindən biri kimi qiymətləndirilib.

Bununla yanaşı, sammitin ən konkret nəticələri sırasında Ukraynaya nizam-intizamın bərpası məqsədilə 90 milyard avroluq kredit dəstəyi və Qəzza üçün irəli sürülən “Sülh Şurası” təşəbbüsü yer alıb.

Seçilən
9
1
banco.az

2Mənbələr