Müasir elmi yanaşmalara görə, xərçəng xəstəliklərinin əhəmiyyətli bir hissəsi qaçılmaz deyil və insanın gündəlik həyat tərzi ilə birbaşa əlaqəlidir. Araşdırmalar göstərir ki, xərçəng hallarının təxminən 30 faizi dəyişdirilə bilən risk faktorları ilə bağlıdır və düzgün profilaktika sayəsində qarşısı alına bilər.
Fiziki aktivliyin artırılması, siqaretdən tam imtina və bədən çəkisinin nəzarətdə saxlanılması xərçəngə tutulma riskini 25–30 faizədək azalda bilir.
Bu təsir yalnız gənc yaşlarda deyil, həm də genetik riski olan və həyat tərzini yetkin dövrdə dəyişən insanlarda özünü göstərir.
Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan onkoloq Mehdi Həsənov bildirib ki, genetik meyillilik çox zaman yanlış dəyərləndirilir:
“Genetik risk xərçəngin mütləq yaranacağı demək deyil. Genlər sadəcə meyil yaradır, amma xəstəliyin formalaşması daha çox həyat tərzi, qidalanma, fiziki aktivlik və zərərli vərdişlərlə bağlıdır. Sağlam həyat tərzi genetik riski belə xeyli dərəcədə zəiflədə bilir”.
Cəmiyyətdə geniş yayılmış fikirlərdən biri də stresin xərçəngə birbaşa səbəb olmasıdır.
Mehdi Həsənovun sözlərinə görə, bu yanaşma elmi baxımdan dəqiq deyil:
“Ağır stresin təkbaşına xərçəng yaratdığı sübut olunmayıb. Amma uzunmüddətli stress immun sistemini zəiflədir, yuxu pozuntularına və siqaret, qeyri-sağlam qidalanma kimi zərərli vərdişlərə meyli artırır. Bu faktorlar isə dolayı yolla xərçəng riskini yüksəldir”.
Onkoloq qeyd edib ki, son illər “möcüzəvi” müalicələr, müxtəlif bioloji əlavələr və alternativ üsullar barədə yayılan məlumatlar insanlarda yanlış ümid yaradır.
“Heç bir qida əlavəsinin və ya alternativ vasitənin xərçəngdən qoruduğu elmi şəkildə sübut edilməyib. Əksinə, bu cür yanaşmalar bəzən insanları vaxtında tibbi müayinədən uzaqlaşdırır ki, bu da daha ciddi problemlərə yol aça bilər”, – deyə o vurğulayıb.
Onkoloq qeyd edib ki, Wi-Fi şüalanması, plastik qablar və məişət kimyəvi vasitələrlə bağlı qorxuların isə əksər hallarda şişirdildiyini, gündəlik istifadədə onların xərçənglə birbaşa əlaqəsi sübut olunmayıb.
Bununla yanaşı, real və sübut edilmiş risk amilləri mövcuddur.
Mehdi Həsənov tütün tüstüsünü xərçəngin əsas səbəblərindən biri adlandırır və bildirir ki, həm aktiv, həm də passiv siqaretçəkmə ağciyər və digər onkoloji xəstəliklərin riskini ciddi şəkildə artırır:
“Zəif havalandırılan məkanlarda radon qazına uzunmüddətli məruz qalma da diqqətdən kənarda qalmamalıdır. Qidaların mikrodalğalı sobada düzgün olmayan qaydada qızdırılması isə sağlamlıq baxımından risk yarada biləcək əlavə faktor kimi dəyərləndirilir.
Xərçəngdən qorunmanın ən etibarlı yolu sadə, lakin davamlı addımlardır: siqaretdən tam imtina, balanslı və təbii qidalanma, müntəzəm fiziki aktivlik, keyfiyyətli yuxu və dövri tibbi müayinələr.
Erkən diaqnostika xüsusilə vacibdir, çünki xəstəlik ilkin mərhələdə aşkarlandıqda müalicənin uğur şansı dəfələrlə artır. Xərçənglə mübarizədə ən güclü silah qorxu və miflər deyil, məlumatlılıq və sağlam həyat tərzidir”.