AZ

Azərbaycanda demoqrafik geriləmə – ŞOK səbəblər

2025-ci ilin yanvar–noyabr aylarında Azərbaycanın əhalisinin cəmi 34 812 nəfər və ya 0,3 faiz artaraq dekabrın 1-nə 10 milyon 259 min 701 nəfərə çatması son illərdə müşahidə olunan ümumi demoqrafik tendensiyanın davamı kimi qiymətləndirilir.

Statistik göstəricilər əhalinin sayı artsa da, bu artım tempinin kifayət qədər aşağı olduğunu göstərir.

Müqayisə üçün qeyd olunur ki, əvvəlki onilliklərdə əhali artımı daha yüksək dinamika ilə xarakterizə olunurdu, son illərdə isə artım demək olar ki, minimal səviyyəyə enib.

Mövzu ilə bağlı NOCOMMENT.az-a danışan sosioloq Elçin Bayramlı qeyd edib ki, əhali artımının zəifləməsi təkcə Azərbaycana xas deyil, bu, qlobal miqyasda müşahidə olunan sosial-demoqrafik proseslərin tərkib hissəsidir.

Onun sözlərinə görə, xüsusilə şəhərləşmənin sürətlənməsi ailə modelinə ciddi təsir göstərir:

“Şəhər mühitində ailələr daha az uşaq sahibi olmağa üstünlük verirlər. Yaşayış xərclərinin artması, mənzil problemi, təhsil və səhiyyə ilə bağlı gözləntilər valideynləri daha ehtiyatlı qərarlar verməyə vadar edir”.

Elçin Bayramlı

Sosioloqun fikrincə, gec nikahlar da əhali artımının zəifləməsində mühüm rol oynayır:

“Son illər gənclər arasında ali təhsilin genişlənməsi, karyera qurmaq istəyinin ön plana keçməsi və iqtisadi müstəqilliyə gec çatmaq nikah yaşını yüksəldib. Bu isə birbaşa olaraq doğum göstəricilərinə təsir edir. Nikah yaşı yüksəldikcə ailə daxilində uşaq sayı da azalır və bu tendensiya artıq statistik rəqəmlərdə açıq şəkildə görünür”.

Ekspert qeyd edib ki, digər mühüm faktor miqrasiya prosesləridir:

“Xüsusilə əmək miqrasiyası səbəbindən müəyyən yaş qruplarının ölkədən kənarda yaşaması əhalinin artım tempinə təsirsiz ötüşmür. Uzunmüddətli xaricdə qalma həm nikahların gecikməsinə, həm də doğum səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bununla yanaşı, bəzi ailələrin sosial və iqtisadi qeyri-müəyyənlik fonunda uşaq sayını məhdudlaşdırması da diqqət çəkən amillərdəndir”.

Elçin Bayramlının sözlərinə görə, qadınların əmək bazarında fəallığının artması da demoqrafik davranışlara təsir edir:

“Qadınlar təhsil və karyera imkanlarını genişləndirdikcə ana olma qərarını daha gec yaşlara saxlayır və bu da ümumi doğum səviyyəsini aşağı salır. Bu proses müasir cəmiyyətlər üçün xarakterik hesab olunur və sosial siyasət mexanizmləri ilə tənzimlənmədiyi halda uzunmüddətli demoqrafik balans problemlərinə yol aça bilər”.

Sosioloq vurğulayıb ki, əhalinin sayındakı artımın azalması hələlik kritik həddə çatmasa da, bu tendensiya uzunmüddətli perspektivdə əmək bazarı, sosial təminat sistemi və yaşlanma problemi baxımından ciddi çağırışlar yarada bilər.

Onun fikrincə, gənc ailələrin sosial müdafiəsinin gücləndirilməsi, uşaq baxımı və mənzil imkanlarının yaxşılaşdırılması, eləcə də ailə institutunun dəstəklənməsi əhali artımının stimullaşdırılmasında mühüm rol oynaya bilər.

Seçilən
15
nocomment.az

1Mənbələr