Ölkəmiz Alyansla əlaqələrə böyük önəm verir
Ölkəmizin xarici siyasət strategiyasında təhlükəsizlik məsələlərinə daim xüsusi diqqət yetirilir. Bu baxımdan, dövlətimiz NATO ilə əlaqələrə böyük önəm verib və bu əməkdaşlığı səmərəli və balanslaşdırılmış xarici siyasət üçün vacib faktor hesab edib. Ölkəmizin Alyans üçün önəmi isə qurumun rəsmi şəxsləri tərəfindən hər zaman vurğulanıb. Bugünlərdə ölkəmizdə səfərdə olan NATO Baş katibinin müavini Radmila Şekerinskanın fikirləri də bunu təsdiqləyir.
NATO Baş katibinin müavini ölkəmizin rolunu yüksək qiymətləndirir
Qeyd edək ki, yanvarın 22-də Milli Məclisin sədri Sahibə Qafarova NATO Baş katibinin müavini Radmila Şekerinskanın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, görüşdə Azərbaycanla NATO arasında 30 ildən artıq müddətdə davam edən əməkdaşlıq vurğulanaraq, Alyansın beynəlxalq sülhün və təhlükəsizliyin təmin olunmasında oynadığı rol yüksək qiymətləndirilib. Söhbət zamanı tərəflər arasında mövcud davamlı və məzmunlu siyasi dialoqun əhəmiyyəti vurğulanaraq bildirilib ki, Prezident İlham Əliyevin NATO mənzil-qərargahına səfərləri, NATO-nun sabiq Baş katibi Yens Stoltenberqin 2024-cü ildə Azərbaycana səfəri, aparılan danışıqlar və müntəzəm təmaslar tərəfdaşlığa yeni dinamika gətirib və bu addımlar siyasi dialoqun intensivliyinin göstəricisi kimi qiymətləndirilib. Azərbaycanın NATO üçün etibarlı və öhdəliklərinə sadiq tərəfdaş olduğu qeyd edilərək, ölkəmizin Alyansın Əfqanıstandakı sülhməramlı əməliyyatlarda fəaliyyəti, regional nəqliyyat-logistika mərkəzi kimi əhəmiyyəti vurğulanıb.
Azərbaycan və Ermənistan arasında sülh prosesinə toxunan S.Qafarova Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin öz suverenliyini bərpa edərək, bölgədə yeni reallıqlar yaratdığını bildirib. Qeyd olunub ki, məhz Azərbaycan sülh təşəbbüsü ilə çıxış edib, Vaşinqton Sammitindən sonra Ermənistanla əməkdaşlığın irəlilədilməsi üzrə ardıcıl və praktik addımlar atıb.
NATO Baş katibinin müavini Radmila Şekerinska isə Alyansın Azərbaycanla münasibətlərin inkişafına xüsusi önəm verdiyini və tərəflər arasındakı sıx siyasi dialoqu yüksək qiymətləndirdiyini bildirərək, bu münasibətlərin yeni Tərəfdaşlıq Proqramı çərçivəsində daha da dərinləşəcəyinə əminliyini ifadə edib. O, Azərbaycanın NATO ilə əməkdaşlığa və Alyansın üzv ölkələrinin enerji təhlükəsizliyinin təminin olunması istiqamətində verdiyi mühüm töhfələrə görə təşəkkürünü çatdırıb və tərəfdaşlığın gələcəkdə də uğurla davam edəcəyini vurğulayıb. Baş katibin müavini Azərbaycan və Ermənistan arasında sülh və münasibətlərin normallaşdırılması üzrə proses ilə bağlı təbriklərini çatdırıb.
Görüşdə Milli Məclislə NATO Parlament Assambleyası arasında əlaqələrin əhəmiyyəti qeyd olunub, gələcək əməkdaşlıq perspektivləri nəzərdən keçirilib.
“Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik” kursu...
Bundan əlavə, Müdafiə Nazirliyi və NATO arasında 2026-cı il üçün “Fərdi Tərəfdaşlıq üzrə Əməkdaşlıq Proqramı”na əsasən, Bakıda Türkiyənin İzmir şəhərində yerləşən NATO Quru Qoşunları Komandanlığının Mobil Təlim Qrupu tərəfindən “Rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik” mövzusunda kurs keçirilib. Müdafiə Nazirliyindən verilən məlumata görə, Heydər Əliyev adına Hərbi İnstitutda təşkil olunan kursun əsas məqsədi hərbi qulluqçuların rabitə, informasiya texnologiyaları və kibertəhlükəsizlik sahələrində nəzəri və praktiki biliklərinin artırılması, müasir texnoloji həll üsul və vasitələrinin tətbiqinin tədris edilməsi, həmçinin iştirakçılara bu sahədə NATO standartları və prosedurlarının öyrədilməsidir.
Kurs ərzində hərbi qulluqçulara NATO-nun Mobil Təlim Qrupu tərəfindən “Rabitə təminatı”, “İnformasiya texnologiyaları”, “Kibertəhlükəsizlik” və digər mövzularda brifinqlər təqdim edilib, nəzəri və praktiki məşğələlər təşkil olunub. Kursun yekununda iştirakçılara sertifikatlar təqdim edilib.
Göründüyü kimi, ölkəmizlə Alyansın geniş əlaqələri mövcuddur. Xatırladaq ki, Azərbaycanla NATO arasında tərəfdaşlığın əsası Ulu Öndər Heydər Əliyev tərəfindən 4 may 1994-cü il tarixində “Sülh naminə tərəfdaşlıq” (SNT) proqramının Çərçivə Sənədinin imzalanması ilə qoyulub. 1997-ci ildə isə Azərbaycan SNT Planlaşdırma və Analiz Prosesinə qoşulub. Ölkəmizin NATO ilə tərəfdaşlığı onun Avratlantik strukturlara inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan-NATO tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn genişspektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişələrin və təhdidlərin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapır. Beləliklə, Azərbaycanın hərbi qanunvericiliyi NATO standartlarından faydalanaraq daha da təkmilləşdirilib.
Kosovo və Əfqanıstanda sülhə xidmət
Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarilə Azərbaycanın SNT Təqdimat Sənədi, Planlaşdırma və Analiz Prosesi və Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planında öz əksini tapır. Bu sənədlərdə Azərbaycan müdafiə və təhlükəsizlik sahəsində islahatlar aparılması, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmin olunması, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə edir. 1999-cu ildə Azərbaycan Kosovoda olan NATO-nun sülhməramlı əməliyyatlarına dəstək məqsədilə hərbi birlik göndərib. 2001-ci ildə Azərbaycan çoxmillətli “Qətiyyətli əməkdaşlıq - 2001” SNT hərbi təlimini həyata keçirib. 2002-ci ildə isə Azərbaycan Əfqanıstana NATO qüvvələrini dəstəkləmək məqsədilə hərbi birlik göndərib. 2005-ci ildə isə Azərbaycan NATO ilə ilk dəfə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində əməkdaşlığa başlayıb.
Əməkdaşlıq Ordumuzun güclənməsində vacib rol oynayır
Qeyd edək ki, Prezident İlham Əliyev Brüsselə səfərləri zamanı Alyansın rəhbərliyi ilə görüşüb, 2021-ci il dekabrın 14-də isə NATO-nun Şimali Atlantika Şurasının iclasında iştirak edib. 2024-cü ilin mart ayında da NATO-nun o vaxtkı Baş katibi Yens Stoltenberq ölkəmizə səfər edib. Səfər zamanı Prezident İlham Əliyevlə NATO Baş katibinin təkbətək görüşü olub, sonra mətbuata bəyanat zamanı Azərbaycan-NATO əlaqələri yüksək qiymətləndirilib.
Hazırda NATO-nun təqdim etdiyi təhlükəsizlik sistemləri dünyanın inkişaf etmiş ölkələri tərəfindən tətbiq olunmaqdadır. Bu baxımdan Azərbaycan üçün Alyansla səmərəli əməkdaşlıq transsərhəd, dəniz və kiber sahələrdə təhlükəsizliyin təminatı baxımından faydalıdır.
Bütövlükdə, Azərbaycan dövləti Silahlı Qüvvələrin maddi-texniki təchizatının və kadr hazırlığının gücləndirilməsini həmişə diqqət mərkəzində saxlayır. Müstəqilliyimizin ilk illərindən indiyədək ordumuzun gücləndirilməsində NATO ilə əməkdaşlıq önəmli rol oynayıb. Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinə görə, bu gün Azərbaycanın Silahlı Qüvvələri dünyanın 50 ən güclü ordusu sırasında yer alır. Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində və bir günlük antiterror tədbirlərində özünün gücünü, yüksək peşəkarlığını nümayiş etdirərək ölkəmizin ərazi bütövlüyünü və suverenliyini təmin etdi. Müharibədə Silahlı Qüvvələrimiz tərəfindən innovativ texnologiyalardan geniş istifadə olundu. Əcnəbi mütəxəssislərin də qənaəti belədir ki, 44 gün ərzində Azərbaycan XXI əsrin müharibəsini apararaq qələbə qazanıb. Bir sözlə, Azərbaycan Ordusu regionda sabitlik və sülhün möhkəmlənməsinə xidmət göstərir. Bu prosesdə NATO ilə əməkdaşlıq vacib rol oynayır.
Nardar BAYRAMLI