AZ

Saatlıq maaşa kimlər keçəcək? - Yeni əməkhaqqı sisteminin mərhələləri

Xəbər verdiyimiz kimi, saathesabı əməkhaqqı sisteminə keçidlə bağlı hazırlanan layihə hazırda hökumətə təqdim olunub və müzakirə mərhələsindədir.

Day.Az xəbər verir ki, bu barədə Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Vəli Quliyev qurum tərəfindən keçirilən mətbuat konfransında məlumat verib.

Vəli Quliyev bildirib ki, saathesabı əməkhaqqı mexanizminin tətbiqi mərhələli şəkildə həyata keçiriləcək. Onun sözlərinə görə, beynəlxalq təcrübədə bir çox ölkələrdə aylıq minimum əməkhaqqı ilə yanaşı, saatlıq əməkhaqqı sistemi də paralel şəkildə tətbiq olunur.

Xidmət rəisi qeyd edib ki, Azərbaycanda bu modelə keçid ilkin mərhələdə natamam iş vaxtı ilə çalışanlar, eləcə də bir aylıq əmək müqaviləsi əsasında işləyən şəxslər üçün nəzərdə tutulur. Sonrakı mərhələlərdə isə sistemin tətbiq dairəsinin genişləndirilməsi planlaşdırılır.

Bəs, saathesabı əməkhaqqı mexanizmi hansı formada həyata keçirilə bilər? Maaş sistemi necə olacaq?

Məsələ ilə bağlı Day.Az-a açıqlama verən iqtisadçı ekspert Eldəniz Əmirov bildirib ki, saatlıq əməkhaqqı sisteminə keçid birdən-birə və kütləvi şəkildə həyata keçirilməyəcək, bu proses mərhələli xarakter daşıyacaq.

Onun sözlərinə görə, dövlət qurumları islahatları həyata keçirərkən əsasən beynəlxalq təcrübəyə istinad edirlər.

"Bu sahədə də xarici ölkələrin təcrübəsi nəzərə alınacaq. Beynəlxalq praktikada saatlıq əməkhaqqı sistemi ilkin mərhələdə məhdud və lokal qruplar üçün tətbiq edilir, model ölkənin iqtisadi və institusional xüsusiyyətlərinə uyğun olduğu təqdirdə isə mərhələli şəkildə daha geniş miqyasda tətbiq olunur."

Onun sözlərinə görə, ilkin mərhələdə saatlıq əmək haqqı sistemi əsasən bu modelə daha açıq olan və real ehtiyac yaranan sahələrdə tətbiq ediləcək.

"Söhbət müvəqqəti işlərdən və ya günün yalnız müəyyən hissəsində görülən fəaliyyətlərdən getmir. Daha çox elə iş mühitlərindən bəhs olunur ki, işəgötürənin və ya xidməti qəbul edən tərəfin işinin icrası üçün hər gün fərqli saatlarda, müxtəlif vaxt intervallarında əmək sərfiyyatına ehtiyac yaranır."

Ekspert qeyd edib ki, birinci mərhələdə bu sistem aylıq, 10 günlük, bir həftəlik və ya bir neçə ay davam edən, lakin hər ayın müxtəlif günlərində və saatlarında, o cümlədən həftə sonları icra olunan işlər üçün tətbiq oluna bilər.

"Belə çevik iş qrafiki olan sahələrdə saatlıq əmək haqqı daha məqsədəuyğun hesab edilir. İkinci mərhələdə isə saatlıq əmək haqqı rejiminin layihə yönümlü işlərdə tətbiqi mümkün ola bilər."

Eldəniz Əmirov bildirib ki, müəyyən layihələr var ki, 5-6 ay davam edir və bu model xüsusilə xarici şirkətlərin, o cümlədən neft sektorunda fəaliyyət göstərən işəgötürənlərin praktikasında geniş istifadə olunur.

"Artıq bu yanaşma qeyri-neft sektorunda da tətbiq edilməyə başlanılıb. Belə hallarda işçilər konkret layihələr üzrə işə götürülür, layihə başa çatdıqda əmək müqaviləsinə xitam verilir və ya layihə davam edərsə, müqavilə uzadılır. Üçüncü mərhələdə isə saatlıq əmək haqqı sisteminin daha geniş şəkildə tətbiqi mümkün hesab olunur."

Bununla belə, ekspert vurğulayıb ki, aylıq əmək haqqı modeli heç vaxt sıradan çıxmamalıdır və böyük ehtimalla gələcəkdə də əsas ödəniş formalarından biri olaraq qalacaq.

Əmək haqqının hesablanma mexanizminə toxunan Eldəniz Əmirov bildirib ki, bu, daha çox texniki məsələdir.

"İstər dövlət qurumları, istər özəl sektor, istərsə də fərdi sahibkarlar üçün əsas meyar işəgötürənin işçiyə ödəməyi nəzərdə tutduğu ümumi məbləğdir. Əgər bu məbləğ yüksəkdirsə, saatlara bölündükdə də yüksək göstərici alınacaq, əks halda isə nəticə dəyişməyəcək. İstər aylıq, istər saatlıq, istərsə də həftəlik əmək haqqı rejimi tətbiq olunsun, nəticədə işçinin illik və ya rüblük gəlirində ciddi dəyişiklik baş verməyəcək. Yəni əmək müqaviləsinin forması işçinin sonda əldə edəcəyi ümumi gəliri əsaslı şəkildə dəyişmir."

Ekspert hesab edir ki, saatlıq əmək haqqı sistemi daha çox həm işəgötürən, həm də işçi üçün ədalətli mexanizmin formalaşdırılmasına xidmət edir və bu yanaşmanın əsas fəlsəfəsi də məhz bundan ibarətdir.

Elvin Səxavətoğlu
Day.Az

Seçilən
20
day.az

1Mənbələr