BAKI, 24 yanvar. TELEQRAF
Almaniya futbolunun əfsanəsi Lotar Matteus xoşagəlməz hadisə ilə üzləşib.
Teleqraf Bild-ə istinadən xəbər verir ki, 65 yaşlı sabiq futbolçu Avstriyanın Oberlex-am-Arlberq xizək kurortunda xizək sürərkən yıxılıb. Nəticədə onun çiyninin bağlarında ikiqat qopma qeydə alınıb. Matteus əməliyyat olunması üçün Münhenə aparılıb.
Qeyd edək ki, 1990-cı il dünya çempionu olan Lotar Matteus həmin il “Qızıl top” mükafatına layiq görülüb. O, karyerası boyu “Borussiya Mönhenqladbax”, “Bavariya”, “İnter” (İtaliya) və “Nyu-York MetroStars” (ABŞ) klublarında çıxış edib.