Yanvarın 23-də Davos İqtisadi Forumunda ABŞ Prezidenti Donald Trampın rəhbərliyi altında fəaliyyət göstərəcək “Beynəlxalq Sülh Şurasının Nizamnaməsi” (“Board of PeaceCharter”) sənədinin imzalanma mərasimi keçirilib.
Mərasimdə iştirak edən və sənədə imza atanlar arasında Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan da olub. Qeyd edək ki, Beynəlxalq Sülh Şurasının yaradılması ilə bağlı təşəbbüs 2025-ci ilin sonlarında irəli sürülüb və şuranın əsas missiyası Qəzzada münaqişənin nizamlanması və bölgədə sülh, sabitlik və təhlükəsizliyin təmin edilməsi olacaq. Artıq “Sülh Şurası”nın İdarə Heyətinin tərkibi də müəyyən olunub.
“Sülh Şurası” BMT-yə alternativ ola bilərmi?
Donald Trampın “Beynəlxalq Sülh Şurası” ilə bağlı təşəbbüsü Birləşmiş Millətlər Təşkilatında, eləcə də bir sıra Avropa ölkələrində narahatlıq yaratmağa başlayıb. Bəzi Qərb ekspertləri hesab edirlər ki, Trampın təşəbbüsü BMT-yə alternativ ola bilər və onların fikrincə, bu, BMT-nin beynəlxalq sülh istiqamətində fəaliyyətinin məhdudlaşdırılmasına yönəlib. Bəziləri isə düşünürlər ki, şura BMT-yə alternativ ola bilməz və bu, yalnız Trampın iqtisadi-siyasi maraqlarına xidmət edəcək.
Məsələ ilə bağlı politoloq Elçin Xalidbəyli “Cebheinfo.az”-a şərhində qeyd edib ki, “Beynəlxalq Sülh Şurası”nın BMT-yə alternativ olması qeyri-mümkündür:

“Trampın irəli sürdüyü təşəbbüs BMT-yə alternativ ola bilməz. Ona görə ki, BMT qlobal səviyyədə strukturlaşmış bir təşkilatdır. BMT-nin öz nizamnaməsi var və öz prinsipləri, konkret səlahiyyətləri çərçivəsində fəaliyyət göstərir. Yeni şura isə hələ nə strukturlaşıb, nə nizamnaməsi var, nə də fəaliyyət prinsipləri mövcuddur. Belə olan halda haqqında danışdığımız qurumun sonrakı mərhələlərdə hansısa mühüm statusa və beynəlxalq hüquq normaları baxımından hansısa səlahiyyətlərə malik olması qeyri-müəyyəndir”.
E.Xalidbəyli əlavə edib ki, Trampın rəhbərliyi altında olacaq “Beynəlxalq Sülh Şurası” Yaxın Şərqdə proseslərin nizamlanması, xüsusilə də İsrail-Fələstin münaqişəsinin və Qəzza probleminin həlli məqsədi ilə yaradılıb:
“Hazırda müşahidə olunan budur ki, bu qurum daha çox Trampın siyasi imici və nüfuzu üçün lazımdır. Amma istənilən halda belə bir qurumun əsasının qoyulması və fəaliyyət göstərməsi təqdirəlayiqdir. Hər halda beynəlxalq sülh istiqamətindəki cəhdlərin ön planda olması dünyanın gələcək taleyi baxımından önəmlidir. Lakin Trampın “Sülh Şurası”na olan ümidlərin özünü doğruldub-doğrultmayacağı qeyri-müəyyəndir”.
Politoloqun sözlərinə görə, Tramp sülh təşəbbüskeşliyi olan bir siyasi liderdir:
“Sülh istiqamətində atılan bütün addımlar müsbət qarşılanmalıdır. Amma Trampın bu addımının real nəticələr verəcəyi inandırıcı görünmür. Bildiyimiz kimi, Ağ Evin rəhbəri Rusiyanı da şuraya dəvət edib. Rusiyanın qurum daxilində sülhə xidmət edəcəyi çox absurd və məntiqsiz bir yanaşmadır. Rusiya qlobal təhlükəsizliyə çox böyük təhdid yaradan dövlətdir.
Öz qonşusu Ukraynanın ərazilərini işğal edən, şəhərlərini, qəsəbələrini, kəndlərini və bir çox yaşayış massivlərini yerlə-yeksan edən Rusiyanın “Sülh Şurası”na dəvət olunması yanlış və səhv addımdır. Əgər Moskva beynəlxalq sülhə xidmət etmək istəyirsə, Ukraynadan öz qoşunlarını geri çəkməli və vurduğu ziyana görə kompensasiya ödəməlidir. Halbuki Rusiya bu kimi addımlar atmaqda maraqlı görünmür”.
Avropa Trampın təşəbbüsünə müsbət yanaşmır
E.Xalidbəyli, həmçinin vurğulayıb ki, Trampın sülh təşəbbüsləri bütün dünyada birmənalı qarşılanmır:
“Bəzi ölkələr Trampın təşəbbüsünü dəstəkləyir, bəziləri bu məsələdə neytral mövqe tutub, bəziləri isə buna açıq şəkildə qarşı çıxırlar. Fransa şuraya qatılmaqdan imtina edib. Hazırda ABŞ-Fransa münasibətlərində ciddi soyuqluq müşahidə olunur. Fransa kimi digər Avropa dövlətləri də Trampın bu təşəbbüsünə müsbət yanaşmırlar. ABŞ-nin Qrenlandiya ilə bağlı niyyəti və Avropa ölkələrini açıq şəkildə təhdid etməsi Avropa ölkələrində qəzəbə səbəb olub”.