SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Azər Məmmədovun vətəndaşlarla növbəti görüşü Mingəçevir şəhərində baş tutub.
Redaktor.az xəbər verir ki, qəbulda baş direktorun birinci müavini (Əməliyyat üzrə) Nail Abdullayev və Birliyin digər məsul şəxsləri iştirak ediblər.
Görüş zamanı Yevlax, Ucar, Ağcabədi, Bərdə rayonlarından, həmçinin Mingəçevir və Ağdam şəhərlərindən müraciət edən 66 nəfər vətəndaşın qaz təchizatı ilə bağlı problem və təklifləri dinlənilib.
Sakinlər əsasən fərdi qazlaşma, işə qəbul, iş yerinin dəyişdirilməsi, küçə qaz xəttinin çəkilişi, qapı keçidinin quraşdırılması və qaz xəttinin yerinin dəyişdirilməsi ilə bağlı müraciətlər ünvanlayıblar.
Baş direktor hər bir müraciətin həlli yolları barədə vətəndaşlara ətraflı izah verib. Bir sıra məsələlərin yerində araşdırılması və baxılması üçün Tərtər Regional Qaz İstismarı İdarəsinin rəhbərliyinə müvafiq tapşırıqlar verilib.








