AZ

Tramp ABŞ-nin Azərbaycana hərbi texnika satacağını elan edib

ABŞ-nin vitse-prezidenti fevralda Azərbaycan və Ermənistana səfər edəcək...

Poliqon xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp fevral ayında ABŞ-nin vitse-prezidenti Cey Di Vensin Azərbaycan və Ermənistana səfər edəcəyini açıqlayıb. O, bu barədə özünün Truth Social sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, səfərin əsas məqsədi Azərbaycanla Ermənistan arasında sülhün möhkəmləndirilməsi istiqamətində səylərin davam etdirilməsi və TRIPP layihəsinin irəliləyişinin təmin olunmasıdır. ABŞ Prezidenti ötən ilin avqustunda imzalanmış sülh sazişinə əməl etdiklərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə və Ermənistanın baş naziri Nikol Paşinyana təşəkkürünü də ifadə edib.

Ağ Ev rəhbəri paylaşımında Vaşinqtonun həm Bakı, həm də İrəvanla yeni razılaşmalar üzərində işlədiyini vurğulayıb. Onun sözlərinə görə, bu razılaşmalar siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur.

“Biz Azərbaycanla strateji tərəfdaşlığımızı gücləndirəcəyik, Ermənistanla dinc nüvə əməkdaşlığı üzrə möhtəşəm bir saziş imzalayacağıq, aparıcı yarımkeçirici istehsalçılarımız üçün yeni razılaşmalar həyata keçirəcəyik, həmçinin ABŞ-də istehsal olunmuş hərbi texnikanı, o cümlədən бронежiletlər və gəmilər daxil olmaqla Azərbaycana satacağıq. Bunlar və daha çoxu gündəmdədir”, deyə Donald Tramp qeyd edib.

Qeyd edək ki, vitse-prezident Vensin regiona planlaşdırılan səfəri Cənubi Qafqazda ABŞ-nin diplomatik fəallığının artdığını və Vaşinqtonun həm sülh gündəliyinə, həm də regional iqtisadi layihələrə xüsusi önəm verdiyini göstərir. TRIPP layihəsi isə regionun nəqliyyat və iqtisadi inteqrasiyasını gücləndirən əsas təşəbbüslərdən biri kimi dəyərləndirilir.

Poliqon.info

Seçilən
52
poliqon.info

1Mənbələr