Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
ABŞ-nin İkinci Dünya Müharibəsindəki qələbəsi olmasaydı, Davosda toplaşan dünya liderləri indi almanca və "bir az yaponca" danışardılar. Bu, ABŞ Prezidenti Donald Trampın Davosda keçirilən Dünya İqtisadi Forumundakı çıxışı zamanı verdiyi qiymətləndirmə idi. "Və sonra, qazandığımız müharibədən sonra, biz olmasaydıq, hamınız almanca və bəlkə də bir az yaponca danışardınız", - deyə Tramp bildirib. "Qeyd etməyən tək bizik və müharibəni qazanan tək bizik. Rusiya kömək etdi", - deyə prezident bildirib.
Donald Tramp yenə danışdı, bu dəfə "Davos"da. Dedi ki, “ABŞ olmasaydı, hamı ya almanca, ya da yarı yaponca danışardı”, “İkinci Dünya müharibəsindəki qələbədə Rusiya vasitəçidir”, “əsas qalib ABŞ-dir”. Böyük sözlər danışıb, reallıqları unutdu.
Bu, Tramp siyasətində yeni bir addım deyil. Trampın siyasəti xətti budur ki, hadisələri sadələşdirir, böyüdür, sonra özünü mərkəzə qoyur. Bu, yeni xətt deyil. Bu siyasi xətti biz Trampın ilk hakimiyyət dövründə də müşahidə etmişdik. ABŞ prezidenti NATO müttəfiqlərini alçaldaraq, Avropanın təhlükəsizliyini ABŞ üzərində "yük" kimi qiymətləndirmişdi. Hətta tarixi ittifaqları da biznes müqavilələri kimi görürdü. Tramp hesab edir ki, tarixi ittifaqlardan xeyir yoxdursa, onların dəyəri də yoxdur. Ancaq İkinci Dünya müharibəsi bu tarixi ittifaqların həyati əhəmiyyətə malik olduğunu sübut etmişdi. İkinci Dünya Müharibəsində ABŞ-ni güclü edən müttəfiqləri ilə birlikdə addım atması idi.
Donald Tramp tarixə önəm vermir, onun üçün öz düşüncəsi önəmlidir. Dedikləri də sadəcə siyasi ritorikadır. Tramp üçün şüar istehsal etmək çox asan məsələdir. İkinci hakimiyyəti dövründə Tramp daha az diplomatiktir. Sözün əsl mənasında, öz istədiyini edir. Yəni baş verən hadisələr də bir daha sübut edir ki, dünyada beynəlxalq hüquq deyil, güc önəm daşıyır.
Şübhəsiz ki, ABŞ güclüdür. Amma Rusiyanı İkinci Dünya müharibəsində qələbəyə "vasitəçi" adlandırmaq səhv bir fikirdir, siyasi manipulyasiyadır. Bu gün Tramp tarixə istinad etmədən ABŞ-nin tək güclü olduğunu sübut etməyə çalışır. Amma tarix bu qədər sadə deyil ki. Bəli, İkinci Dünya müharibəsində Yaponiya üzərində qələbədə əsas rol ABŞ-nin idi. Bu da “ABŞ olmasaydı, hamı almanca və yarı yaponca danışadı” fikrini deməyə əsas vermir. Çünki Berlinə rus qoşunları daxil olmuşdu.
Tramp tarixi reallıqları qəbul edə bilmir, onun da xətası budur. “ABŞ əsas qalibdir” demək asandır. Amma niyə, harada və kimin hesabına sualını cavablandırmadan bu cümlə havada qalır. İkinci dünya müharibəsi bir neçə xalqın hesabına qazanıldı. İkinci dünya müharibəsində SSRİ 27 milyon adam itirdi. Sadəcə "vasitəçi" olan imperiya bu qədər insan itirə bilərdimi? Almaniya üzərində qələbənin əsas yükünü Sovet İttifaqı daşıdı. Stalinqrad, Kursk, Berlin — bunlar Qərb qəzetlərinin manşetindən yox, Şərq cəbhəsinin səngərlərindən doğuldu. ABŞ isə müharibəyə daha gec qoşulmuşdu. Amma iqtisadi gücü, texnologiyası və müttəfiqlərə verdiyi dəstəklə nəticəyə ciddi təsir göstərə bildi və bütün bunlar birlikdə qələbini doğurdu.
Etiraf etmək lazımdır ki, İkinci Dünya Müharibəsi ABŞ iqtisadi gücü, sənaye istehsalı və strateji resursları Yaponiya ilə müharibədə həlledici rol oynadı. SSRİ isə Almaniya üzərində qələbənin əsas hərbi qüvvəsini təmin etdi. Tarixi reallıq göstərir ki, ABŞ və SSRİ bir-birinin rolunu tamamlayaraq nəticəni mümkün etdilər.
İradə Cəlil, Bizimyol.info
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.