AZ

Tablolarını yeməyə dəyişdi, dostlarının evində gecələdi, vərəmə yoluxdu... Lənətlənmiş dahinin həyatından faktlar

ain.az xəbər verir, Kulis.az saytına əsaslanaraq.

Bu gün yəhudi mənşəli görkəmli italyan heykəltaraş və rəssam Amadeo Modilyaninin anım günüdür.

Kulis.az xarici mediaya istinadən sənətkarın həyatı və yaradıcılığı haqqında materialı təqdim edir.

XX əsr rəssamlıq tarixində elə sənətkarlar var ki, onların yaradıcılığını həyatlarından ayırmaq mümkün deyil.

Amadeo Modilyani məhz bu sənətkarlardandır. Onun tabloları həyatının davamı, həyatı isə sənətinin kölgəsi idi. Modilyaninin taleyi sənətdə dahilik, həyatda isə faciə ilə yazılmış nadir hekayələrdəndir.

Amadeo Modilyani 1884-cü ildə İtaliyanın Livorno şəhərində, yəhudi əsilli ailədə dünyaya gəlib. Onun doğulduğu gün ailəsinin maddi vəziyyəti tamamilə çökmüşdü.

Qanuna görə, borclu ailələrdə yeni doğulmuş körpənin yerləşdiyi yataqdakı əşyalar müsadirə edilə bilməzdi və Modilyaninin doğumu ailəni müvəqqəti xilas etdi - çünki evdəki əşyalar onun çarpayısının üstünə yığılmışdı.

Bu simvolik detal sonralar onun “lənətli taleyi”nin ilk işarəsi kimi xatırlanacaqdı.

Uşaqlıq illəri xəstəliklər içində keçdi. Zəif bədəni, ağciyər problemləri və gənc yaşlarından yaxaladığı vərəm onu daim ölüm hissi ilə üz-üzə qoydu.

Anası onun bu zərif və həssas təbiətini anlayaraq sənət yolunu seçməsinə dəstək verdi.

Modilyani əvvəlcə Livornoda, sonra Florensiya və Venesiyada klassik rəssamlıq təhsili aldı.

Lakin akademik çərçivələr onun ruhuna dar gəlirdi.

1906-cı ildə o, sənətin paytaxtı sayılan Parisə köçdü. Montparnas mühiti avanqard incəsənətin qaynadığı bir məkan idi.

Burada Pablo Pikasso, Marsel Düşam kimi sənətçilərlə eyni mühitdə yaşasa da, Modilyani heç vaxt heç bir cərəyana tam qoşulmadı, nə kubist oldu, nə fovist, nə də ekspressionist. O, öz üslubunu yaratdı.

Bu üslub dərhal tanınırdı: uzadılmış boyunlar, incəlmiş bədənlər, maskaya bənzər üzlər, badam formalı gözlər. Bəzən o, modellərinin gözlərini tam çəkmirdi.

Modilyani deyirdi ki, insanın ruhunu tanımadan gözlərini çəkmək mümkün deyil. Onun portretləri real oxşarlıqdan çox daxili halın təsviridir.

Afrika maskalarının primitiv gücü, antik heykəltəraşlığın sakit monumentalizmi və renessans portretlərinin zərifliyi bu üslubda birləşirdi.

Əslində Modilyani özünü daha çox heykəltəraş hesab edirdi.

Daş üzərində işləməyi, fiquru sanki torpaqdan azad etməyi sevirdi.

Lakin səhhəti bu ağır fiziki işə davam gətirmədi.

Buna baxmayaraq, onun tabloları heykəltəraş düşüncəsi ilə qurulmuşdur: fiqurlar sanki canlı deyil, zamandan yonulmuş formalar kimidir.

Modilyaninin həyatı sevgi və faciə ilə də yadda qaldı. Parisdə tanış olduğu Janna Ebyutern onun həyatının və yaradıcılığının mərkəzinə çevrildi.

Gənc, sakit və dərin baxışlı Janna onun ən məşhur portretlərinin ilham mənbəyi idi. Onların bir qızı dünyaya gəlmişdi.

Janna ikinci uşağına hamilə olanda bu sevgi hekayəsi sənət tarixinin ən faciəli səhifələrindən birinə çevrildi.

1920-ci ilin yanvarında Modilyani cəmi 35 yaşında vəfat etdi. İki gün sonra Janna özünü yaşadığı evin pəncərəsindən ataraq həyatına son qoydu.

Modilyaninin çılpaq qadın tabloları sağlığında qalmaqalla qarşılanırdı.

1917-ci ildə Parisdə keçirilən yeganə şəxsi sərgisi polis tərəfindən bağlandı.

Səbəb klassik çılpaqlıqdan fərqli olaraq bu tabloların həddindən artıq real, hissiyatlı və açıq hesab olunması idi.

Halbuki bu gün həmin əsərlər XX əsr rəssamlığının zirvəsi sayılır. Onun “Uzanmış çılpaq qadın” tablosu XXI əsrdə rekord məbləğə – yüz milyonlarla dollara satılıb.

Amma Modilyani həyatı boyu kasıb yaşamışdı. Rəsmlərini yemək qarşılığında dəyişmiş, dostlarının evinə sığınmışdı.

Lakin ölümündən sonra şöhrət gəldi. Bu gün onun əsərləri dünyanın ən nüfuzlu muzeylərində qorunur və incəsənət bazarında ən yüksək qiymətləndirilən işlər sırasındadır.

Amadeo Modilyani sənətdə bizə başqa bir həqiqəti göstərdi: gözəllik həmişə harmoniya demək deyil.

Bəzən kədər, tənha baxışlar və sakit üz cizgiləri daha güclü estetik təsir yaradır.

Modilyaninin qısa ömrü sənətin əbədi qala biləcəyinin ən sarsıdıcı sübutlarından biridir.

İlham Əliyev “Zayed İnsan Qardaşlığı Mükafatı”na layiq görüldü

Qanunvericiliyə “Xarici film” anlayışı daxil edilir

"Oskar"a namizədlər açıqlandı - Siyahı

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
1
kulis.az

2Mənbələr