Ağ Evin Aparat rəhbərinin müavini Stiven Miller “Foks Nyus” telekanalının efirində bildirib ki, Qrenlandiya sazişi ABŞ-yə heç bir ödəniş etmədən bütün məqsədlərinə çatmağa imkan verəcək.
“Qrenlandiya Amerikanın milli təhlükəsizliyi üçün vacibdir. İndi ‘sövdələşmələr bağlamaq sənəti’nin köməyi ilə (Trampın bestseller kitabı belə adlanır – red.) ABŞ-də istədikləri və ehtiyac duyduqları hər şey Qrenlandiyaya aiddir”, – o deyib.

Məsələ ilə bağlı NOCOMMENT.az-a danışan politoloq Qabil Hüseynli deyib ki, Qrenlandiya ABŞ üçün sadəcə ərazi deyil, strateji nəzarət nöqtəsidir:
“Qrenlandiya sazişi Vaşinqton üçün Arktikada geosiyasi təsir və resurs üstünlüyünü təmin edən bir platformadır. Millerin vurğuladığı ‘heç bir ödəniş etmədən’ hissəsi isə praktiki olaraq ABŞ-nin bu resursları əldə etmək üçün minimal maliyyə riskini qəbul etdiyini göstərir. Bu, həm də danışıqlarda Vaşinqtonun üstün mövqedə çıxış etdiyinin əyani göstəricisidir”.
Politoloq bildirib ki, Vaşinqtonun bu mövqeyi həm daxili, həm də beynəlxalq auditoriyaya yönəlib:
“Tramp bu yolla daxildə sərt və nəticəyönümlü xarici siyasətçi imicini gücləndirir, beynəlxalq səviyyədə isə ABŞ-nin Arktikada liderliyini və strateji maraqlarını qorumağa hazır olduğunu nümayiş etdirir. Eyni zamanda, bu, digər dövlətlərə – xüsusilə də Avropa və Çinə – mesajdır ki, ABŞ bölgədə kompromisə açıq olsa da, əsas milli maraqlarından geri çəkilməyəcək”.
“Ümumilikdə, Millerin açıqlaması Qrenlandiyanı ABŞ-nin strateji təhlükəsizlik planlarının mərkəzində göstərir, Trampın xarici siyasət stilini konkret nümunə üzərindən izah edir və həm daxili, həm də beynəlxalq səviyyədə mesaj vermək məqsədi daşıyır. Bu, həm də ABŞ-nin Arktikada resurs və geosiyasi üstünlüyü itirməmək üçün gələcəkdə sərt diplomatik və iqtisadi addımlar atmaq potensialını vurğulayır” – politoloq deyib.
Atilla Rzasoy