Türkiyənin Balıkesir vilayətinin Sındırgı rayonunda 5,1 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanın gücünün 5 baldan çox olması əhali arasında təlaşa səbəb olub. Metbuat.az xəbər verir ki, Dokuz Eylül Universitetinin professoru Hasan Sözbilir narahatlıq üçün əsas olmadığını deyib. Mütəxəssis ötən gecə baş verən zəlzələnin yeraltı gərginliyi azaltdığını bildirib: "Sonuncu dəfə avqustun ayının 10-da Sindırgıda 5,1 bal gücündə zəlzələ baş vermişdi. O vaxtdan bölgədə gedən yeraltı prosesləri diqqətlə izləyirik. Son 167 gündə bu ərazidə 25 min zəlzələ qeydə alınıb. 5,1bal gücündə zəlzələnin olması daxili gərginliyi xeyli səngitdi. Əhalinin narahat olması üçün heç bir əsas yoxdur". Professor Hasan Sözbilir Türkiyədə dağıdıcı zəlzələnin baş vermək ehtimalının çox aşağı olduğunu vurğulayıb.