“Qəbələ” bu gün Misli Premyer Liqasının 17-ci turunda “Şamaxı”nın qonağı olub.
Rekord.az xəbər verir ki, bölgə təmsilçisinin məşqçisi George Çixradzenin oyundan sonra mətbuat konfransı keçirilib. Gürcüstanlı məşqçi 4:0 hesabı ilə qalib gəldikləri oyunu belə şərh edib:
“Futbolçuları təbrik edirəm. Oyuna yaxşı hazırlaşmışdıq. Bilirdik bizi güclü, çətin oyun gözləyir. Ayın 4-dən toplanmışdıq. Yoxlama oyunlarında yaxşı təsir bağışlamışdıq. Bu gün rəqibin iki sisteminə uyğun hazırlaşmışdıq. Birinci dövrədə “Şamaxı” oyunun sonlarında sistemi dəyişmişdi. Ona görə də, iki sistem üzərində çalışmışdıq. Oyunçular yaxşı çıxış etdilər, bütün futbolçular bu qələbədə vacib rol oynadılar.
Turan Manafovun transferi üzərində çalışırıq. Keyfiyyətli yerli futbolçudur. Ancaq hələ ki, keçidi rəsmiləşməyib.
Cəza futbolun bir hissəsidir. Məşqçilər də bəzən cəzalanırlar. Kaxaber Tsxadadze ilə uzun müddətdir ki, bir yerdə işləyirik. Bir-birimizi yaxşı başa düşürük. Bu baxımdan özümü yalnız hiss etmədim. Mən əvvəllər də Azərbaycanda işləmişəm. Ona görə də, heç bir problem yox idi.
Bütün komandaların güclənməyə ehtiyacı var, xüsusən də, birinci liqadan gələn komandasansa. Sadəcə olaraq, mövsümün ilk yarısında çalışdıq ki, birinci liqadan yüksələrkən bizimlə olan futbolçuları qoruyaq. Amma gedişat onu göstərdi ki, güclənməyə ehtiyac var. Premyer Liqada yerimizi qorumağa çalışırıq.
Çempionatın ilk hissəsində də yaxşı oyunlarımız oldu. Buna baxmayaraq, idman bəxti də bəzən bizdən uzaq idi”.
“Qəbələ”nin baş məşqçisi Kaxaber Tsxadadze birinci dövrənin son turunda “Qarabağ”a məğlub olduqları (1:2) matçda hakimi təhqir etdiyinə görə 4 oyunluq diskvalifikasiya edilib. O, Şamaxı şəhər stadionunda baş tutan oyunu tribunadan izləyib.