Birləşmiş Ərəb Əmirliklərindən gələn xəbərlər Əbu-Dabi şəhərində ABŞ-nin vasitəçiliyi ilə keçirilən Rusiya-Ukrayna danışıqlarının nəticə vermədiyini göstərir.
Yanvarın 23-də və 24-də aparılan müzakirələrdə hər hansı razılaşma əldə olunmayıb. Görüşdə Rusiya nümayəndə heyətinə Silahlı Qüvvələrin Baş Qərargahının Baş Hərbi Kəşfiyyat İdarəsinin rəisi, admiral İqor Kostyukov, Ukrayna nümayəndə heyətinə isə Müdafiə və Milli Təhlükəsizlik üzrə Milli Şuranın katibi Rustem Umerov rəhbərlik edir. Danışıqlarda ABŞ-ni prezidentin xüsusi nümayəndəsi Stiv Uitkof təmsil edir.
Müzakirələrin ilk günü dialoq üçün kifayət qədər açıq görünsə də, həm diplomatik masada, həm də cəbhə xəttində gərgin keçib. Danışıqların ilk günü Rusiyanın və Ukraynanın razılaşmalar əldə etməsindən daha çox bir-birinin enerji sisteminə zərbələr endirməsi ilə yadda qalıb. Rustem Umerovun yanvarın 23-də verdiyi açıqlamada müharibəni başa çatdırmağın istiqamətləri və danışıqlar prosesinin davam etdirməyin məntiqi haqqında müzakirə apardıqlarını deyib.
Ancaq yanvarın 23-ü axşam saatlarında Rusiya Ukraynaının enerji sektoruna “X-22” raketləri və “Şahed-136” dronları ilə zərbə endirib.
Öz növbəsində, Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Penza vilayətindəki neftayırma zavodunu və Krımdakı radolakasiya stansiyasını kamikadze dronlarla vurub. Nəticədə, zavodda güclü yanğın baş verib.
Əbu-Dabidə tərəflər əsasən Donbas məsələsini müzakirə ediblər. Rusiya yalnız Ukraynanın ərazi güzəştləri edəcəyi təqdirdə, müharibəni dayandırmağa hazır olduğunu bildirir.
“Reuters”in məlumatına görə, Moskva Donbasın 20 faizinin və 5000 kvadrat kilometr ərazinin Rusiyaya verilməsini tələb edir.
Bu, danışıaqlarda irəli sürülən başlıca şərt olub. Rusiya bütün Donbasa nəzarətin Rusiyaya verilməsini və Ukraynanın digər bölgələrində cəbhə xəttinin dondurulmasını nəzərdə tutan sözdə Ankoric formulunu nəzərdən keçirməkdə israr edir.
Əbu-Dabidə danışıqlar başlamazdan əvvəl Putinin sözçüsü Peskov bildirib ki, müharibəyə son qoymaq üçün Ukrayna Silahlı Qüvvələri Donbasdan çıxmalıdır. Bu, sülh müqaviləsinin imzalanması üçün şərtlərdən biridir.
Buna baxmayaraq, Ukrayna nümayəndə heyəti Rusiyanın şərtini qəbul etməyib. Nəticədə, tərəflər danışıqların birinci günündə kompromisə gələ bilməyib.
Görüşün yanvarın 24-də keçirilən ikinci raundunda bufer zonanın və nəzarət mexanizmlərinin yaradılması məsələləri diqqət mərkəzində olub. Lakin Donbas məsəsələsində razılığın əldə olunmaması danışıqların müsbət nəticə verəcəyini şübhə altına alır.
Rusiyanın Kiyev başda olmaqla, Ukrayanın iri şəhərlərinə və enerji infrastrukturuna ballistik raketlərlə zərbələr endirməsi qarşı tərəfi danışıqlarda güzəştə məcbur etmək üçün təzyiq məqsədi daşıyır.