“Üzücü məğlubiyyət oldu. Bilirdik ki, çətin oyun olacaq. Fasilədən sonra yaxşı başlamaq önəmlidir. Hər kəs turnir cədvəlində mövqeyini yaxşılaşdırmaq istəyir. Birinci qola qədər oyun pis getmirdi. Neçənci dəfədir ki, son dəqiqələrdə qol buraxırıq. İkinci hissənin əvvəlində də qapımızda qol gördük. Bundan sonra oyunu çevirmək çətin olur. Bu matç bizim komanda olaraq ayılmağımıza təsir edəcək. Bəlkə də futbolçular rahatlaşmışdılar. Çempionat davam edir, bu, uzun marafondur. Bilirəm ki, çətin olacaq. Amma mübarizə aparacağıq”.
İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov “Qəbələ” məğlubiyyəti sonrası deyib. O, daha sonra belə davam edib:
“Bariyer var və bunu tullanmalıyıq. Həmin matçlarda bunu keçə bilməmişik. Bir çox oyunda olub. Bu da həmin qarşılaşmalardan biri idi. Səbəbləri çoxdur. Mən bunu bilirəm. Bəlkə də futbolçulardan çox şey istəyirəm. Keyfiyyət amili var. Amma bizim işimiz istəməkdir. Təslim olmamalıyıq”.