AZ

Təhsil eksperti: “45 dəqiqəlik dərsdə analitik düşüncə ölçülmür, stress ölçülür”

Sherg.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Valideynlərin narahatlığı haqlıdır - problem niyyətdə yox, tətbiqdədir

Orta məktəblərdə müxtəlif fənlər üzrə summativ qiymətləndirmələrdən şikayətlər artır. Valideynlər orta təhsil pilləsindəki şagirdlərin stres, həyəcan keçirdiyini, summativ qiymətləndirmənin az qala buraxılış imtahanı səviyyəsində təşkil olunduğunu bildirirlər.

VI siniflərdə riyaziyyat üzrə summativ qiymətləndirməyə “situasiya izahı” tələb olunan açıq məsələlər salınır, 45 dəqiqə vaxt verilir. Üstəlik, dərslikdə olmayan məsələ-misallar summativ qiymətləndirməyə salınır. Valideynlər çaşqınlıq içində “sanki qəbul imtahanı verir uşaq”, deyə narazılıq edirlər. Orta sinif şagirdlərini bu qədər yükləməyə dəyərmi?

Təhsil İşçilərinin Həmrəyliyi Alyansının sədri, təhsil eksperti Əmrah Həsənli “Sherg.az”a açıqlamasında bildirdi ki, son günlər 6-cı siniflər üzrə keçirilən böyük summativ qiymətləndirmə ilə bağlı valideyn narahatlıqları tam anlaşılandır və bu narahatlıqlara emosional yox, sağlam pedaqoji yanaşma ilə baxmaq lazımdır: 

- Əvvəla, qiymətləndirmənin mərkəzləşdirilmiş qaydada hazırlanması özü-özlüyündə düzgün addımdır. Bu, məktəblər arasında qiymətləndirmə fərqlərinin azalmasına, daha vahid meyarların formalaşmasına xidmət edir. Amma burada əsas məsələ niyyət yox, tətbiqdir. Valideynlərin əsas iradı ondan ibarətdir ki, sualların bir qismi uşaqların gündəlik dərs prosesində qarşılaşmadığı, dərslikdə sistemli şəkildə möhkəmləndirilməmiş tapşırıqlar olub. Qiymətləndirmə isə mahiyyət etibarilə şagirdin öyrədilən bilik və bacarıqlarını ölçməlidir. Əgər tapşırıq şagird üçün “yeni”dirsə, bu artıq qiymətləndirmə yox, sınaq xarakteri daşıyır. Xüsusilə riyaziyyat üzrə situasiya tipli məsələlərlə bağlı səslənən narahatlıqlar diqqətəlayiqdir. Bu tip tapşırıqlar dünyada tətbiq olunur, bəli. Amma bunun üçün iki əsas şərt var: – müəllimin sinifdə həmin bacarığı formalaşdırmaq üçün kifayət qədər vaxtı və resursu olmalıdır; – şagird bu tip suallarla tədricən, mərhələli şəkildə tanış edilməlidir.

Ə.Həsənli bildirdi ki, 45 dəqiqəlik dərs, 30 nəfərlik sinif və hazırkı dərs yükü fonunda bütün şagirdlərdən eyni səviyyədə analitik yanaşma gözləmək real deyil. Bu isə nəticədə biliyin yox, stresin ölçülməsi ilə nəticələnir: 

- Digər həssas məqam qiymətləndirmə materiallarının vaxtından əvvəl yayılması ilə bağlıdır. Bu, artıq pedaqoji yox, texniki və təşkilati məsələdir və etimad mühitinə ciddi zərbə vurur. Burada əsas zərəri isə nə sistem, nə müəllim, məhz şagird görür – bərabər olmayan şərait formalaşır. Valideynlərin bir sualı çox haqlıdır: BSQ-nin məqsədi nədir? BSQ uşağı qorxutmaq, sıralamaq, ya da “kim bacarır, kim bacarmır” demək üçün deyil. BSQ müəllimə, məktəbə və sistemə siqnal vermək üçündür: harada boşluq var, nəyi düzəltməliyik. Ona görə də düşünürəm ki, bu prosesdə qarşıdurma yox, dialoq vacibdir. Valideyn narahatlığı düşmənçilik deyil, geribildirim kimi qəbul olunmalıdır. Eyni zamanda, qiymətləndirmə alətləri məktəbin real imkanları, dərslik məzmunu və şagirdin yaş xüsusiyyətləri ilə daha dəqiq uzlaşdırılmalıdır. Unutmayaq ki, bu uşaqlar nə qəbul imtahanına girir, nə də seçmə mərhələdən keçir. Onlar sadəcə öyrənmə mərhələsində olan məktəblilərdir.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
sherg.az

1Mənbələr