AZ

Dərsdə telefon dövrü bitir: Şagirdlərdən sonra müəllimlərə də qadağa gəlir  

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Gürcüstanda məktəblərdə təkcə şagirdlərə deyil, müəllimlərə də mobil telefonlardan istifadə etmək qadağan olunacaq. Dövlət məktəblərində müəllimlər dərs zamanı mobil telefonlardan istifadə edə bilməyəcəklər.

Gürcüstan Təhsil və Elm Nazirliyinin yaydığı məlumata görə, bu qadağa 2026-2027-ci tədris ilində qüvvəyə minəcək ümumi təhsil islahatlarında nəzərdə tutulub. Qeyd olunur ki, müəllimlər dərs zamanı mobil telefonların istifadəsini məhdudlaşdırmaqla şagirdlərinə şəxsi nümunə göstərməlidirlər.

Azərbaycanda da bu cür qadağa ola bilərmi?

Mövzu ilə bağlı təhsil mütəxəssisi Elçin Əfəndi Musavat.com-a danışıb.

Mütəxəssis qeyd edib ki, tədris prosesinin daha səmərəli təşkil olunması üçün Azərbaycanda da bu cür addımların atılması zəruridir:

"Təbii ki, belə bir qərarın alınması Gürcüstan Elm və Təhsil naziri tərəfindən müsbət bir addım kimi qiymətləndirilə bilər. Çünki son dövrlər informasiya texnologiyalarının inkişafı və texnoloji alətlərdən kütləvi şəkildə istifadə təhsil sahəsinə də daşınıb. Auditoriyada həm şagirdlərin, həm də müəllimlərin texnoloji cihazlardan istifadəsi dərs prosesinə müəyyən mənada ziyan vurur, tədrisə maneçilik yaradır. Bu amil nəzərə alınaraq Gürcüstan hökuməti belə bir qərar qəbul edib.

Məlumdur ki, oxşar qərar Rusiyada da qəbul edilib. Təhsil göstəricilərinin yüksəldilməsini istəyən, eyni zamanda təhsil verənlərin, yəni müəllim və pedaqoji heyətin yüksək ixtisaslı kadrlar olmasını arzulayan qurumlar bu cür qərarları vacib və əhəmiyyətli hesab edərək atırlar. Tədris prosesinin daha səmərəli təşkil olunması üçün bu addımların atılması zəruridir.

Bizim ölkəmizdə də hazırda Elm və Təhsil Nazirliyi ilə Məktəbəqədər Təhsil üzrə Dövlət Agentliyi tərəfindən şagirdlər üçün müvafiq qadağalar tətbiq edilir. Bu tədris ilindən etibarən auditoriyada mobil telefonlardan istifadə məhdudlaşdırılıb.

Müəllimlərlə bağlı isə konkret olaraq mobil telefon istifadəsinə qədər olmasa da, müəllimlərin etik davranış qaydaları bu tədrisdən etibarən tətbiq edilməyə başlanıb. Nəticə etibarilə həmin etik davranış qaydalarında dərsin gedişatında mobil telefondan istifadə məsələsi müəllimin ixtiyarına buraxılır. Yəni müəllim mobil telefondan istifadə edərsə belə, bu, mütləq etik qaydalar çərçivəsində olmalıdır".

Elçin Əfəndi vurğulayıb ki, son dövrlər bəzi müəllimlər dərsin gedişatında diqqət çəkən videolar çəkərək paylaşmaqla daha çox rəğbət qazanmaq istəyirlər. Bu isə dərs prosesinə mənfi təsir göstərir:

"Məsələn, dərsdə şagirdlərin mövzuya yaxşı hazırlaşmasını göstərən görüntülər, yaxud müəllimin dərsin gedişatına hazırlıqlı olduğunu əks etdirən videolar paylaşılır. Bu cür fəaliyyətlər dərsin gedişatına mane olursa və 45 dəqiqəlik dərsin 7–8 dəqiqəsi belə görüntülərə sərf edilirsə, şagirdlərin mövzunu mənimsəməsində problemlər yaranır. Bu halda qadağan tətbiqinin bir müddət sonra reallaşması da mümkündür.

Əgər görüntülər dərs saatı zamanı deyil, dərsdən kənar, tənəffüs vaxtı və ya dərnək saatı zamanı çəkilib paylaşılırsa, bu zaman qadağalar o qədər də real görünmür”.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
1
sherg.az

2Mənbələr