AZ

“Trampın Sülh Şurası gələcəkdə BMT-ni əvəzləyə bilərmi?..”- ANALİTİK

“ABŞ onun  zurnası ilə oturub duracaq Sülh Şurasını yaratmaqla  BMT-nın üstündən xətt çəkmişdir, çünki güc olan yerdə ağıl lazım deyil...”
 
“Prezident Donald Trampın Sülh Şurasının yaratması hər şeydən əvvəl ABŞ siyasətçiləri və xüsusi orqanları tərəfindən planlı şəkildə amorf vəziyyətinə salınmış BMT təşkilatının öz əhəmiyyətini itirməsi ilə bağlıdır. Onu da qeyd etməliyik ki, SSRİ dağılandan sonra BMT-nin qərarlarını bu günə qədər hətta cırtdan ölkələr belə, yerinə yetirməyib. 
 
Odur ki, ağlı başında olan dövlət başçıları BMT-ın qərarlarının yerinə yetirilmədiyini görüb, orada islahatlar aparılması ideyası ilə çıxış edirdilər. Onlardan biri elə Qazaxıstanın Prezidenti Kasım-Comart Tokayev idi. ABŞ siyasətçilərinin bütün qərarlarının BMT qəbul etsə də, bununla belə, onun bəzi formal  qərarları və iclasları heç də Amerika liderlərinin ürəyincə olmurdu.”
 
Bunu siyasi analitik Tahir Cəfərli Moderator.az əməkdaşının “Trampın Sülh Şurası haqda nə düşünürsüz?”  sualını cavablandırarkən söyləyib. 
 
“Ukrayna müharibəsi nəticəsində ABŞ keçmiş qüdrətini bərpa etdikcə və ona rəqib olan ölkələri, ilk növbədə Avropa Birliyini gücdən saldıqdan sonra onların Amerika maraqlarına uyğun siyasi davranış etmələrinə nail oldu. Əlbəttə ki, Tramp komandası geo-siyasi şəraitin yetişdiyini gördü və yeni təşkilatın ABŞ-ın iqtisadi və siyasi maraqlarına uyğun olan Sülh Şurasını yaratdı. Davosda Prezident Tramp 50-dən artıq dövlətə bu təşkilata üzv olmalarına nail oldular. Sülh Şurasına bir gün ərzində yığılan pulun həcmi 50 milyarddan çox oldu və gün-gündən bu təşkilata üzv olan ölkələrin sayı artdıqca bu məbləğdə artacaq. 
Ən maraqlısı budur ki, ABŞ prezidentinin Sülh Şurasının yaratması humanitar addım kimi qiymətləndirilir, çünki yığılan pulların Qəzanı xarabalıqdan çıxaracaq bərpa layihələrinə yönəldiləcəyini deyirlər. Bununla belə, Trampın sülhsevər və humanist olduğunu  bütün dünyaya göstərəcəklər”, - deyə davamında analitik bildirib.
 
“Sizcə, bu qurum gələcəkdə BMT-ni əvəzləyə bilərmi?” sualına isə Tahir Cəfərli belə cavab verib:
 
“Yuxarıda dediyimiz  kimi, Sülh Şurası faktiki olaraq BMT-nin bütün funksiyalarını öz üzərinə götürəcək. Venesuela prezidenti ABŞ tərəfindən qaçırıldıqdan sonra, demək olar ki, BMT-nın qəbul etdiyi beynəlxalq hüququn üstündən xətt çəkildi və ölkələr arasında tarazlığı saxlamaq üçün bu saat ölkələr arasında hüquqi xaos yaranıb. Bu xaosu aradan ancaq  güclü dövlət götürə bilər. Əlbəttə ki, Prezident Trampın yaratdığı Sülh Şurası tezliklə öz səlahiyyətlərini genişləndirəcək və BMT-nin bütün funksiyalarını öz üzərinə götürəcəkdir. Bir güclü dövlət ki, dünyanın istənilən yerində sülh və əmin-amanlığı öz maraqlarına uyğun şəkildə təmin edəcəkdir...”
 
Siyasi şərhçi hesab edir ki, Tramp hələ 2017-ci ildə hakimiyyətə gəldikdən sonra liberalizmdən uzaqlaşıb: 
 
“O, ABŞ-ın ənənəvi proteksionizmini bərpa etmək istəyirdi. Tamlığı ilə buna nail olmasa da, ikinci seçkisindən sonra  proteksionizmi yeni formatda ortaya atdı. Bu, Trampın “Gəlin Amerikanın böyüklüyünü qaytaraq. Amerikanım yenidən möhtəşəm edək!”- şüarlarının nəticəsidir.
 
 
ABŞ Trampın yaratdığı nyuproteksionizmə arxalanıb, dünya ölkələrinə əvvəl ABŞ, sonra başqa ölkələrlə təzyiq siyasətini həyata keçirir. Onlar üçün “güclü ölkə haqlıdır” prinsipi əsasdır.  ABŞ öz qüdrətli iqtisadiyyatını Ukraynadakı müharibədə əldə etdiyi imkanlar nəticəsində tamlığı ilə bərpa etdi.  Hərbi sənaye kompleksləri ilə dünya ölkələrinə təzyiq və diktə siyasətinə keçdi. Prezident Tramp isə bu, siyasətin icraçısıdır. ABŞ-a isə onun  zurnası ilə oturub duracaq Sülh Şurasını yaratmaqla  BMT-nın üstündən xətt çəkmişdir, çünki güc olan yerdə ağıl lazım deyil...”
 
Sultan Laçın
 
Seçilən
11
moderator.az

1Mənbələr