AZ

Rus anadan Putinə açıq məktub: Qanlı əllərinizlə dəyərlərimizi ləkələməyin...

Olqa Kirienko Rusiya prezidentinə ünvanladığı açıq məktubda Putini rus mədəniyyətini məhv etməkdə ittiham edərək rejimi sərt ifadələrlə tənqid edib...

Poliqon xəbər verir ki, sosial şəbəkələrdə Rusiya prezidenti Vladimir Putinə ünvanlanan açıq məktub yayılıb. Məktubun müəllifi Olqa Kiriyenkodur. O, müraciətində özünü ilk növbədə ana olduğunu qeyd edərək, övladlarının gələcəyi barədə düşünməyə borclu olduğunu bildirib. Kiriyenkonun sözlərinə görə, uşaqlarının “qaniçən yaşlıların gənclərdən öldürməyi və ölməyi tələb etmədiyi bir dünyada” yaşamasını istəyir.

Olqa Kirienko qeyd edib ki, Rusiya prezidentindən fərqli olaraq, valideynlərindən və əvvəlki nəsillərdən ona ötürülmüş mədəniyyət qarşısında məsuliyyət daşıyır.

“Sizin qanlı əllərinizlə bizim dəyərlərimizi ləkələməyinizlə barışa bilmərəm”, deyə Kiriyenko vurğulayıb.

“Rus mədəniyyəti” anlayışına münasibətindən danışan müəllif bildirib ki, onun üçün bu anlayış Berlində silahsız hərbi müxbir kimi müharibənin sonuna qədər gedib çıxmış və heç vaxt “təkrarlaya bilərik” ifadəsini işlətməmiş babası, eləcə də seçki nəticələrini saxtalaşdırmaqdan imtina etmiş məktəb müəllimi olan anasıdır. “Rus mədəniyyəti – bu mənəm”, deyə məktubun müəllifi xüsusi vurğulayıb.

Kiriyenko müraciətində Rusiya Federasiyasının hazırkı prezidentinə son dərəcə sərt qiymət verərək onu “Rusiya vətəndaşlarının vaxtında ağızlıq taxa bilmədiyi rus mədəniyyətsizliyi” adlandırıb. Onun fikrincə, mövcud rejim nə onun özü, nə də ailəsi kimi vətəndaşlara layiqdir və onlarla sağlam qarşılıqlı münasibət qurmaq qabiliyyətinə malik deyil.

“ Siz bizdən qorxursunuz, çünki biz sizdən qorxmuruq”, deyə Kiriyenko vurğulayıb. O əlavə edib ki, məktubun əsas məqsədi onun Rusiya Federasiyası vətəndaşlığından çıxdığını rəsmi şəkildə bəyan etməkdir.

Məktubun sonunda Olqa Kiriyenko Rusiya Federasiyası tərəfindən onun adına hesablanacaq istənilən vergi və ödənişləri Ukrayna Silahlı Qüvvələrinə dəstəyə yönəldəcəyini bildirib. O, müraciətini belə yekunlaşdırıb:

“Ukraynanın və bütün sivil dünyanın sizin vəhşi ordanız üzərində qələbəsini gözləyəcəyəm”.

Poliqon.info

Seçilən
14
poliqon.info

1Mənbələr