AZ

Pentaqonun gizli mesajı: Çinə qarşı ŞOK SSENARİ

Pentaqon ABŞ-ın yeni Milli Müdafiə Strategiyasını açıqlayıb. Sənədə əsasən, Vaşinqtonun əsas prioritetləri Çinin qarşısının alınması və ABŞ ərazisinin müdafiəsinin gücləndirilməsi olacaq. Bununla yanaşı, strategiyada qlobal təhlükəsizlik arxitekturası və müxtəlif regionlara yanaşmalar da ətraflı şəkildə öz əksini tapıb.

Məsələ ilə bağlı siyasi şərhçi Elçin Alıoğlu NOCOMENT.az-a açıqlamasında bildirib ki, sənəddə Çin əsas rəqib kimi göstərilsə də, digər mühüm təhlükəsizlik istiqamətləri də diqqətdən kənarda qalmayıb. Onun sözlərinə görə, Rusiya NATO-nun şərq üzvləri üçün daimi, lakin idarə oluna bilən təhdid kimi qiymətləndirilir. Qeyd olunur ki, Rusiya hələ də ciddi hərbi və sənaye potensialına malikdir və öz sərhədləri yaxınlığında uzunmüddətli müharibə aparmaq əzmini nümayiş etdirir: “Yeni strategiyada Avropanın müdafiəsi məsələsinə də xüsusi yer ayrılıb. Pentaqon sənədində NATO müttəfiqlərinin Rusiyadan iqtisadi və hərbi baxımdan xeyli güclü olduğu qeyd edilir. Məsələn, təkcə Almaniya iqtisadiyyatı Rusiya iqtisadiyyatını üstələyir. Bu baxımdan, Avropanın təhlükəsizliyinə görə əsas məsuliyyətin NATO-nun Avropa üzvlərinin üzərinə düşəcəyi, ABŞ-ın isə yalnız kritik və strateji dəstəklə kifayətlənəcəyi bildirilir. Ukraynaya dəstək məsələsi də eyni məntiq çərçivəsində təqdim olunur. Ukraynanın müdafiəsində aparıcı rolun NATO müttəfiqlərinə verilməsi Avropanın bu münaqişədə daha çox məsuliyyət daşımalı olduğunu göstərir. ABŞ isə bu prosesdə dolayı və koordinasiyaedici rolunu qoruyacaq”.

Alıoğlunun sözlərinə görə, sənəddə NATO daxilində ABŞ-ın rolu tamamilə zəiflədilmir. Əksinə, Rusiya təhdidi nəzərə alınaraq ABŞ qoşunlarının dislokasiyası və fəaliyyəti yenidən tənzimlənəcək və Vaşinqton alyansda kilit oyunçu olaraq qalacaq. Bu, ABŞ-ın Avropadan tam çəkilmədiyini, lakin prioritetlərini yenidən bölüşdürdüyünü göstərir: “Yeni Milli Müdafiə Strategiyasında ABŞ üçün həyati əhəmiyyət daşıyan strateji qovşaqlar da müəyyən edilib. Qrenlandiya, Panama kanalı və Arktika Vaşinqtonun maraqlarının kəsişdiyi əsas nöqtələr kimi ön plana çıxarılır. Bu bölgələr həm logistika, həm də qlobal güc balansı baxımından xüsusi əhəmiyyət daşıyır. Sənəddə İran amili də ayrıca təhlükə kimi qiymətləndirilir. Bildirilir ki, İran rejimi hərbi potensialını artırmaqda davam edir, yenidən nüvə silahı əldə etməyə cəhd göstərə bilər və bu, həm ABŞ, həm İsrail Ordusu (SAXAL), həm də regional sabitlik üçün ciddi risk yaradır. Yeni strategiya ABŞ-ın əsas resurslarını Sakit okean regionuna, xüsusilə Çinlə rəqabətə yönəldəcəyini açıq şəkildə göstərir. Avropanın təhlükəsizliyi isə daha çox yerli müttəfiqlərin öhdəsinə buraxılır ki, bu da qlobal güc balansında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər”.

Seçilən
19
3
nocomment.az

10Mənbələr