AZ

Güldürməyən, “haha hihi” edən Arif Quliyev Orxan Saffari yazır…

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

Çoxdandır, Azərbaycan xalqının nə üçün Arif Quliyevi sevdiyini düşünürdüm.

Görəsən, doğrudanmı Arif Quliyev böyük sənətkar, əlahiddə yumoristdir deyə sevilir?

Həqiqətənmi sənətsevər azərbaycanlılar üçün Arif Quliyev əsl sənətkar idi?

Əlbəttə, belə deyil.

Azərbaycanlılar, xüsusilə yumor hissi olmayan azərbaycanlılar Arif Quliyevi daha çox şəxsi həyatı, faciələrinə görə sevirlər.

Arif Quliyevin öz həyatı, sonralar başına gələnlər onu xalqın gözündə yaxşı sənətkar etdi. Elə bildilər ki, adamın faciəsi böyük olanda sənəti də böyük olur.

Təkcə Arif Quliyev yox, məsələn, baxmayaraq ki, sənəti yaxşıdır, ancaq Teymur Əmrahı da daha çox uşaq evində böyüdüyü üçün sevirlər.

Məsələn, belə adamlar tənqid olunanda azərbaycanlıların yanaşması bu cür olur:

“Dəyməyin, işiniz yoxdur, fağır adamdır, arxasızdır”.

Bəli, azərbaycanlılar aşağı-yuxarı sənəti və sənətkarlığı bu cür müdafiə edirlər.

Ancaq sənət belə məsələləri qəbul etmir və özünə hörmət edən sənətkar adamı belə münasibət razı olmaz.

Bu mənada, Arif Quliyev ən yaxşı halda ortabab aktyordur.

Arif Quliyev güldürmürdü, haha-hihi eləyirdi.

Təsəvvür edin, o boyda ömür yaşayasan, yadda da bu cümlə ilə qalasan:

“Mənəm e, ay dədə, Miriş”.

Arif Quliyev elə bilirdi ki, dil zad çıxardan da, üzünü oynadan da gülməli olursan. Olursan, amma təkcə uşaqlar üçün.

Arif Quliyev Azərbaycan tamaşaçısına bir həqiqəti illərlə sübut etdi: eyni mimika ilə 40 il yaşamaq mümkündür.

Özü “Mən də bu sənəti seçdim ki, insanların urəyində olan qəmi, kədəri oğurlayım, yerinə gülüş toxumları səpim” demişdi.

Ancaq bunu heç vaxt bacarmadı.

Arif Quliyev yaxşı bacardığı üçün həmişə yumoristik obrazları canlandırmırdı. Sadəcə, ciddi rolları bacarmırdı deyə naəlac guya yumoristik rolları ona verirdilər. Kaş ki, heç olmasa, onu bacarırdı.

Arif Quliyevin güldürdüyü insanların heç birinin yüksək yumor hissi yoxdur. Eyni adamlar bu gün də göstərilən yüngül yumorlara gülən adamlardı.

Əslində, xalqın yumor hissini bir az da Arif Quliyevlər korlayıb.

Normal alternativ olmadığı üçün adamlar qəbul edib, nə göstərilibsə, elə ən yaxşı budur deyilib.

Bu mənada, Arif Quliyev fenomeni Azərbaycan gülüşünün zirvəsi yox, dibidir. Dibdə isə hər şey eyni görünür.

Üstəlik, bizdə adətən, aktyor üzünə görə sevilir, sənətə görə yox. Bir sima tanınır, qəbul edilir, sevilir. Vəssalam.

Arif Quliyev də buna görə sevilib. Faciə, tanış sima, alternativsizlik.

Orxan Saffari

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
51
icma.az

1Mənbələr