Fransada Aİ–Mercosur ticarət razılaşmasına qarşı etirazlar yeni mərhələyə keçib.
NOCOMMENT.az xəbər verir ki, Paris ətrafında fermerlər gecə saatlarında etiraz aksiyaları keçirərək yol infrastrukturu və nəzarət sistemlərinə qarşı simvolik addımlar atıblar. Aksiya iştirakçıları bununla hökumətin və Avropa İttifaqının diqqətini kənd təsərrüfatı sektorunun problemlərinə yönəltməyə çalışıblar.
Xatırladaq ki, Aİ–Mercosur sazişi Avropa İttifaqı ilə Cənubi Amerikanın Mercosur blokuna daxil olan ölkələr – Argentina, Braziliya, Boliviya, Paraqvay və Uruqvay arasında azad ticarəti nəzərdə tutur. Rəsmi dairələr bu razılaşmanı “strateji tərəfdaşlıq”, eləcə də gərgin qlobal şəraitdə bazarların şaxələndirilməsi və yeni iqtisadi imkanların yaradılması kimi təqdim edirlər.
Fermerlər isə razılaşmaya kəskin etiraz edirlər. Onların fikrincə, Cənubi Amerikadan daha ucuz ət və digər kənd təsərrüfatı məhsullarının Avropa bazarına daxil olması yerli istehsalçıların rəqabət qabiliyyətini zəiflədəcək, qiymətlərin aşağı düşməsinə və minlərlə fermer təsərrüfatının zərərə düşməsinə səbəb olacaq. Bundan əlavə, etirazçılar Avropa standartlarına uyğun istehsal olunmayan məhsulların bazara buraxılmasının ədalətsiz rəqabət yaratdığını bildirirlər.
Qeyd edək ki, Aİ–Mercosur ticarət razılaşması artıq imzalansa da, hələlik ratifikasiya olunmayıb və Avropa ölkələrində bu sənədlə bağlı müzakirələr və etirazlar davam edir.