ABŞ vitse-prezidenti Ceyms Devid Vensin fevralda Cənubi Qafqaza səfəri gözlənilir. Musavat.com yada salır ki, bu barədə prezident Donald Tramp sosial media hesabında yazıb. Vens gələn ay Azərbaycana və Ermənistana gələcək. Ağ Ev lideri səfərin sülh prosesini və Zəngəzur dəhlizini (TRİPP marşrutu) müzakirə etmək məqsədi daşıdığını açıqlayıb. Lakin Vensin gəlişi gözləntisi Ermənistanda bəzi dairələri həvəsləndirib.
Bu barədə "Hraparak" nəşri yazıb. Erməni KİV xəbər verir ki, ABŞ vitse-prezidentinin Bakıya səfəri çərçivəsində həbsdə olan keçmiş xunta rejiminin üzvlərinin azadlığa buraxılması müzakirə edilə bilər. Hətta bununla bağlı nəşrin yazarı çağırış edir ki, mühakimə olunan erməni hərbi canilərinin müdafiəsi üçün Vensin səfəri ərəfəsində aksiyalar təşkil etmək və amerikalı siyasətçinin diqqətini bu məsələyə cəlb etmək lazımdır.
Erməni mediası bir qədər də irəli gedərək həddini aşıb və ABŞ vitse-prezidentinin Azərbaycanın siyasi rəhbərliyinə bu mövzuda təzyiq göstərməli olduğunu yazıb. Yəni Vens Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə Araik Aryuntunyan və digər canilərin Ermənistana təhvil verilməsini müzakirə etməli imiş.
Lakin erməni tərəfi 4 məhbusun İrəvana qaytarılmasından sonra "ağzında şirə qalıb" deyə belə yersiz həvəsə düşüb. Əvvəla səfərin mahiyyətini Tramp açıqlayıb - sülh və dəhliz müzakirəsi olacaq. İkincisi, Azərbaycan-ABŞ münasibətlərinin hazırkı gündəmidnə həbsdə olan hərbi canilər mövzusu heç 100-cü sırada belə ola bilməz. Çünki gündəlikdə prioritet məsələlər var.
Digər tərəfdən, sözügedən keçmiş xunta rejiminin liderləri və üzvləri barəsində məhkəmə hökmü yoxdur. Belədə isə Vensin onların sərbəst buraxılmasını xahiş etməsi nonsens görünür. Məhkəmə qərarı olsa belə, vaxtilə Rusiyanın himayəsi altında ərazilərimizdə separatizm, terrorçuluqla məşğul olmuş bu qüvvələri ABŞ niyə müdafiə etməlidir?
Üstəlik, bu, Azərbaycanın daxili məsələsidir və beynəlxalq müstəviyə çıxarılacaq. predmet yoxdur. Ona görə də "Vens gələcək, xuntaçılar azad olacaq" həvəsinə düşənlər indidən arzularını dəfn edə bilər... /Musavat.com
Telegram kanalımız