AZ

Dünya siyasətində cənab İlham Əliyev imzası- DEPUTAT YAZIR



Əziz Ələkbərli,
Milli Məclisin deputatı,
Qərbi Azərbaycan İcması
İdarə Heyətinin üzvü

Bəşəriyyətin siyasi tarixində elə dönüş nöqtələri olur ki, orada köhnə sistemlərin iflası və yeni, daha ədalətli nizamın doğuşu rəsmiləşir. Cənab Prezidentin Davosda "Euronews" kanalına verdiyi müsahibədəki bir cümlə, əslində, bu günkü dünyanın acı, amma real mənzərəsidir: “Biz elə bir vəziyyətlə üzləşirik ki, beynəlxalq hüquq normaları dünya ictimaiyyətinin bütün üzvləri üçün artıq mütləq görünmür... Beynəlxalq münasibətlər bu gün yeni eraya qədəm qoyur ki, burada vəziyyəti qanunun aliliyi deyil, güc qaydası idarə edir”. Bu, sadəcə bir təsbit deyil, Azərbaycan Liderinin dünyada baş verən bu xaosu necə dərindən analiz etdiyinin və dövlətimizi bu fırtınalardan necə məharətlə çıxardığının göstəricisidir.

İsveçrənin Davos şəhərində keçirilən builki Dünya İqtisadi Forumu məhz belə bir tarixi hadisə kimi yaddaşlara həkk olundu. Lakin bu forumun ən mühüm hadisəsi təkcə iqtisadi müzakirələr deyil, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qlobal şahmat taxtasında nümayiş etdirdiyi zərgər dəqiqlikli diplomatiyası və ölkəmizin yeni dünya nizamının memarlarından biri kimi tanınması oldu.

Artıq hər kəsə bəllidir ki, tarixi missiyasını başa vurmuş, qərarları kağız üzərində saralan və qlobal problemlər qarşısında aciz qalan BMT artıq zamanın tələblərinə cavab vermir. Davosda Donald Trampın təşəbbüsü ilə yaradılan və mərkəzi Vaşinqtonda fəaliyyət göstərəcək "Sülh Şurası"na Azərbaycanın təsisçi üzv kimi dəvət olunması, beynəlxalq münasibətlər sistemindəki bu tektonik dəyişikliyin ən bariz göstəricisidir. Cənab Prezident İlham Əliyevin Tramp ilə keçirdiyi təkbətək görüş və əldə olunan razılaşmalar sübut edir ki, Azərbaycan artıq sadəcə regional lider deyil, qlobal qərarların qəbul edildiyi ən yüksək masaların əvəzolunmaz iştirakçısıdır.


Lakin bu beynəlxalq zəfərin arxasında cənab Prezidentin ölkə daxilində illərdir böyük səbirlə və iradə ilə qurduğu sarsılmaz polad təməl – daxili ictimai-siyasi sabitlik və müstəqil iqtisadi kurs dayanır. Dünyanın münaqişələr, iqtisadi böhranlar və sosial sarsıntılar içində boğulduğu bir vaxtda, Azərbaycanın bir "əmin-amanlıq adası"na çevrilməsi təsadüfi deyil. Bu, xalqın öz Liderinə olan sonsuz inamının və dövlət başçısının vətəndaşın rifahını hər şeydən uca tutan siyasətinin nəticəsidir. Bu gün Azərbaycan vətəndaşı dünyada gedən qaynar prosesləri izləyərkən öz evində, öz ocağında tam arxayındır. Bu arxayınlıq hissi – dövlətin gücünə, ordunun qüdrətinə və Prezidentin müdrikliyinə olan sarsılmaz inamın təzahürüdür.

İqtisadi sahədə həyata keçirilən "milli prioritetlər" strategiyası Davosda dünyanın ən böyük maliyyə nəhəngləri tərəfindən heyranlıqla qarşılandı. Azərbaycanın enerji təhlükəsizliyindən logistik mərkəzə, yaşıl enerjidən rəqəmsal tranzitə qədər atdığı addımlar ölkəmizi investisiyalar üçün ən cəlbedici məkana çevirib. Daxildəki əmin-amanlıq xarici investisiya üçün ən böyük zəmanətdir və cənab Prezident bu vəhdəti zərgər dəqiqliyi ilə qoruya bilib.

Bu gün hər birimiz bir vətəndaş olaraq öz Liderimizlə sonsuz fəxr hissi keçiririk. Çünki cənab İlham Əliyev bizə təkcə işğaldan azad olunmuş torpaqlarımızı deyil, həm də itirilmiş milli qürurumuzun bütövlüyünü geri qaytardı. Biz fəxr edirik ki, dünyanın ən güclü dövlətlərinin rəhbərləri Azərbaycan Prezidentinin rəyi ilə hesablaşır, onun strateji zəkasına ehtiramla yanaşırlar. Biz fəxr edirik ki, ən çətin məqamlarda, dünyanın geosiyasi tufanlarla sarsıldığı bir vaxtda bizim sükan arxasında polad iradəli, uzaqgörən və hər bir vətəndaşının taleyini qəlbində daşıyan bir Liderimiz var. Biz fəxr edirik ki, Azərbaycan artıq tarixin gedişatını izləyən yox, tarixi yazan və yeni dünyanın ədalət meyarlarını müəyyən edən bir dövlətdir.

Bizim tarixi yaddaşımızda, Zəfər dastanımızda döyünən o məğrur və döyüşkən ruh, bu gün cənab İlham Əliyev dühası ilə modern, dünyəvi və güclü bir dövlət modelinə çevrilib. Bir vaxtlar torpaqları işğal altında olan, haqqı tapdanan bir ölkədən, indi dünyada sülhün və ədalətin yeni qaydalarını müəyyən edən strateji tərəfdaşa gedən yol məhz bu titanik fəaliyyətin bəhrəsidir.
Davos-2026 göstərdi ki, İlham Əliyevin rəhbərlik etdiyi Azərbaycan həm masada, həm səngərdə, həm də iqtisadi meydanda qalibdir. Və bu qələbənin ən böyük rəmzi – hər bir vətəndaşımızın öz evində hiss etdiyi dinc həyat və gələcəyə olan sonsuz inamıdır.



Seçilən
61
aia.az

1Mənbələr