AZ

25 illik araşdırma: bədənin öz immun sistemi xərçəngin müalicəsi ola bilər

ABŞ-də aparılan 25 illik ilkin klinik tədqiqatlar göstərib ki, bədənin xərçənglə mübarizədə istifadə etdiyi təbii immun mexanizmlər yeni bir dərmanın əsasına çevrilə bilər.

E-saglam.az-ın məlumatına görə, GT103 adlı xüsusi bir antikorun bəzi ağciyər xərçəngi xəstələrində şişin böyüməsini müvəqqəti olaraq dayandırması alimlər arasında ümid yaradıb.

Tədqiqatçılar bildirirlər ki, bəzi xərçəng növləri öz-özünə irəliləmir və ya uzun müddət zərərsiz qalır. Bu fakt illərdir qəbul edilən “xərçəng mütləq böyüyür və yayılır” düşüncəsinə ziddir. Məhz bu cür passiv şişlər yeni müalicə üsulları üçün əsas ipuclarını verə bilər.

Duke Universitetində uzun illər çalışan Dr. Edward Patz bu fenomeni araşdıraraq sual verib: niyə bəzi xərçənglər aqressiv deyil? Bu məqsədlə 25 il ərzində yeni diaqnoz qoyulmuş ağciyər xərçəngi xəstələrindən qan və şiş toxuması nümunələri toplanıb və xəstələrin gedişatı izlənilib.

Araşdırmalar zamanı GT103 adlı bir antikorun mövcudluğu erkən mərhələli ağciyər xərçəngi olan xəstələrdə daha yaxşı proqnozla əlaqələndirilib. Bu antikor xərçəng hüceyrələrinin immun sistemindən gizlənmək üçün istifadə etdiyi “komplement faktoru H” adlı qoruyucu mexanizmi deaktiv edə bilir. Bununla da immun hüceyrələrin xərçəng hüceyrələrini tanıyıb məhv etməsi asanlaşır.

GT103 əvvəlcə laboratoriya və heyvan sınaqlarında müsbət nəticə göstərib. Daha sonra az sayda ağciyər xərçəngi xəstəsi üzərində aparılan ilkin klinik sınaqlarda şişlərin əksəriyyətində böyümənin müvəqqəti olaraq dayandığı müşahidə olunub. Bəzi xəstələrdə bu təsir aylarla davam edib.

Bir maraqlı halda isə bir xəstədə şiş tamamilə yox olub və iki illik nəzarət müayinələrində xəstəliyin geri qayıtması müşahidə edilməyib. Bu, alimlər üçün xüsusilə ümidverici nəticə hesab olunur.

Hazırda GT103 immunoterapiyada istifadə edilən pembrolizumab adlı dərmanla birlikdə sınaqdan keçirilir. Məqsəd immun sistemini müxtəlif mexanizmlərlə aktivləşdirərək təsiri gücləndirməkdir.

Mütəxəssislər vurğulayırlar ki, nəticələr ümidverici olsa da, hələlik qəti hökm vermək tezdir. Antikorun real müalicə üsuluna çevrilməsi üçün yüzlərlə xəstəni əhatə edən genişmiqyaslı klinik sınaqlara ehtiyac var. Buna baxmayaraq, bu tədqiqat bədənin öz immun sisteminin xərçənglə mübarizədə nə qədər böyük potensiala malik olduğunu bir daha göstərir.

Tərcümə: Könül Oruc

E-saglam.az

Seçilən
13
e-saglam.az

1Mənbələr