AZ

Turistlərin heyranlıqla gəzdiyi İçərişəhər - VİDEO

UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilən İçərişəhər paytaxtın ən çox ziyarət olunan turizm məkanlarından biridir.

Bizim.Media xəbər verir ki, xarici turistlər bura böyük maraq göstərir, tarixi abidələr və muzeylərlə yaxından tanış olurlar. Şirvanşahlar Sarayı Kompleksi, Miniatür Kitab Muzeyi, Qız Qalası və digər tarixi məkanlarda turist axını xüsusilə çox olub.
 

Turistlər bildirirlər ki, İçərişəhərə daxil olduqları andan fərqli bir ab-hava hiss edirlər. Onların sözlərinə görə, qədim şəhər çox yaxşı qorunub saxlanılıb və burada zəngin tarix açıq şəkildə duyulur. İçərişəhəri gəzərkən insan özünü sanki qədim bir filmin içində hiss edir. Abidələrin bu cür mühafizə olunması ziyarətçilərdə xoş təəssürat yaradıb.


Xarici qonaqlar İçərişəhərin özünəməxsus mədəniyyəti və tarixi kimliyini xüsusilə vurğulayırlar. Onlar qeyd edirlər ki, bu məkan təkcə gözəlliyi ilə deyil, həm də mənəvi aura və ruhani sakitlik hissi ilə seçilir. Məhz bu səbəbdən qədim şəhəri tələsmədən, addım-addım gəzməyə üstünlük veriblər və səfərdən böyük zövq alıblar.

Turistlər qədim şəhərdəki müxtəlif muzeyləri ziyarət etməyin onlar üçün unudulmaz təcrübə olduğunu bildiriblər. Xüsusilə Miniatür Kitab Muzeyi böyük maraq doğurub. Onların sözlərinə görə, bu qədər kiçik ölçülü kitabların bir məkanda toplanması nadir hadisədir və ilk dəfə belə bir muzey görmək onları həqiqətən təəccübləndirib. Ziyarətçilər qeyd ediblər ki, bu kitablar satışda olsaydı, mütləq bir neçəsini öz ölkələrinə aparardılar.

Turistlər Bakıda muzeylərin bir-birinə yaxın məsafədə yerləşməsini də müsbət qiymətləndiriblər. Bu, qısa zaman ərzində bir neçə muzeyi ziyarət etməyə imkan yaradır. Onların sözlərinə görə, Şirvanşahlar Sarayını gəzib sonra Miniatür Kitab Muzeyinə baş çəkmək fərqli bir dünyaya düşmək kimi təsir bağışlayır.
 

Ziyarətçilər vurğulayırlar ki, İçərişəhərdə fəaliyyət göstərən muzeylər tarixi yaxından tanımaq üçün ideal məkandır. Bu muzeylər vasitəsilə Azərbaycanın mədəniyyəti, tarixi və milli ənənələri ilə yaxından tanış olurlar ki, bu da səfəri daha yaddaqalan edir. Qonaqlar həmçinin İçərişəhərin tarixi memarlıq üslubuna heyran qaldıqlarını bildiriblər.


Onların sözlərinə görə, Bakıya hava limanından daxil olan andan şəhərin estetik görünüşü insanı qarşılayır. Üstəlik, azərbaycanlıların qonaqpərvərliyi və səmimiyyəti xarici turistlərdə özlərini yad ölkədə deyil, doğma məkanda olduqları hissini yaradır.

Qeyd olunur ki, Bakı şəhərində fəaliyyət göstərən muzeylər turizmin inkişafında mühüm rol oynayır. Eyni zamanda, bu mədəniyyət ocaqları Azərbaycanın zəngin tarixi-mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına əvəzsiz töhfə verir.


Bizim.Media

Seçilən
20
3
bizim.media

4Mənbələr