Araşdırmalar göstərir ki, bəzi evlərdəki hava çöldəki havadan 100–500 dəfə daha çirkli ola bilər.
E-saglam.az-ın məlumatına görə, ABŞ Ətraf Mühitin Mühafizəsi Agentliyinə (EPA) görə, qapalı məkan hava çirkliliyi ən ciddi sağlamlıq problemlərindən biridir. Çünki ev daxilindəki çirkləndiricilər açıq havadakı kimi dağılmır və daha yüksək konsentrasiyada qalır.
Daxili xəstəliklər üzrə mütəxəssis Prof. Dr. Osman Erk bildirir ki, evlərdə istifadə olunan tikinti materialları, mebellər, təmizləyici vasitələr və bişirmə zamanı yaranan qazlar insan orqanizminə zərər verən görünməz kimyəvi maddələr yayır. Bu maddələrin bir çoxu artıq insan qanında və yağ toxumasında da aşkar edilib.
Elmi araşdırmalara görə, tez-tez rast gəlinən burun axıntısı, sulu gözlər, baş ağrısı, yorğunluq, diqqət dağınıqlığı, yuxarı tənəffüs yolları infeksiyaları və dəri problemləri bəzən qapalı məkandakı hava çirklənməsinə qarşı orqanizmin verdiyi reaksiyalardır. Uşaqlarda allergiya və astma, böyüklərdə isə xərçəng və xroniki xəstəliklər bu çirklənmə ilə əlaqəli ola bilər.
Məişətdə istifadə olunan təmizləyici vasitələr ən çox toksinə məruz qaldığımız mənbələrdəndir. Ağardıcılar, hava təravətləndiriciləri, xalça və soba təmizləyiciləri, insektisidlər otağa uçucu kimyəvi maddələr yayır. Qabyuyan maşınlardan çıxan xlor qazı belə gözlər və tənəffüs yolları üçün zərərli ola bilər.
Qaz və təbii qazla işləyən cihazlar da ciddi risk yaradır. Yaxşı havalandırma olmayan mühitdə karbonmonoksit, azot dioksid və digər zəhərli qazlar toplanır. Bu cihazların mütəmadi yoxlanılması, yerləşdiyi məkanın tez-tez havalandırılması və mümkün olduqda elektriklə işləyən alternativlərin seçilməsi tövsiyə olunur.
Mebellərdə və laminat döşəmələrdə istifadə olunan formaldehid kanserogen maddədir. Bu maddə bəzi kosmetik vasitələrin tərkibində də ola bilər və bəzən “formalin” adı altında gizlədilir. Araşdırmalar leykemiya xəstəsi uşaqların evlərində yüksək formaldehid səviyyəsi aşkar edildiyini göstərir.
Divar boyaları, xüsusilə də solvent əsaslı olanlar uçucu üzvi birləşmələr (UÜB) yayır. Bu maddələr qapalı məkan çirklənməsinin əsas səbəblərindən biridir. Buna görə su əsaslı boyalara üstünlük verilməlidir.
Təmizləyici məhsulları heç vaxt bir-biri ilə qarışdırmaq olmaz. Ammonyak və xlorun birlikdə istifadəsi zəhərli qazların yaranmasına səbəb ola bilər və ciddi zəhərlənmə riski yaradır.
Mütəxəssislər evdə havanın daha təmiz olması üçün bu tövsiyələri verirlər:
- Evləri mütəmadi havalandırın.
- Yemək bişirərkən aspiratoru işə salın və ya pəncərəni açıq saxlayın.
- Kimyəvi təmizləyicilər əvəzinə sirkə, soda və maye sabun kimi daha təbii vasitələrdən istifadə edin.
- Hava təravətləndiricilərindən uzaq durun.
- Mebel alarkən formaldehidsiz məhsullara üstünlük verin.
Unutmayın, özümüzü ən təhlükəsiz hiss etdiyimiz evlərdə belə hava görünməz təhlükələrlə dolu ola bilər. Təmiz hava isə sağlam həyatın əsas şərtlərindən biridir.
Tərcümə: Könül Oruc
E-saglam.az