“Neftçi” yeni ildəki ilk rəsmi matçında qələbəyə həsrət qaldı.
Əbu-Dabidəki yoldaşlıq görüşlərindəki nəticələrlə ümid verən “ağ-qaralar” 17-ci turda “Zirə”nin müqavimətini qıra bilmədi.
Sportinfo.az-a müsahibə verən “ağ-qaralar”ın nigeriyalı yarımmüdafiəçisi İfeanyi Metyu sualları cavablandırıb.
- Cari mövsümdə üçüncü dəfə “Zirə”ni uda bilmədiniz.
- Meydana qələbə qazanmaq üçün çıxmışdıq. Hamı gördü ki, oyuna nəzarət tərəfimizdə idi. Hətta bir neçə yaxşı imkanımız da oldu. Sadəcə rəqib yaxşı müdafiə olunmaqla istəyinə çatdı. “Zirə”nin yaxşı təşkilatlanmış kollektiv olduğunu da unutmayaq. Xüsusən komanda oyununa görə seçilir.
- Qələbə qazana bilməməyinizin başlıca səbəbini deyə bilərsən? “Zirə” böyük qüvvə ilə müdafiə olunurdu, yoxsa siz şansları boşa verdiniz?
- Hər ikisini qeyd edə bilərəm. Ancaq bu, həqiqətdir ki, “Zirə” müdafiə olunmağı yaxşı bacarır.
- Heç-heçə oyunun layiqli nəticəsiydi?
- Apardığımız mübarizəyə, yaratdığımız qol imkanlarına baxsaq, məncə, qələbəyə biz yaxın idik. Futbol belədir, qol vura bilmirsənsə, qələbə mümkünsüzdür.
- Yeni baş məşqçinin gəlişindən sonra da qələbələri sıralamaq mümkün olmayıb. Azarkeşlər qalibiyyətləri bayram edən “Neftçi”ni nə vaxt görəcək?
- Bunu vaxtla demək mümkün deyil. Bir şeyi bilirəm ki, məşqçilər heyəti ilə birlikdə çox çalışırıq. Gücümz nisbətən artıb, mübarizəni əzmini də gördünüz. Məşqlərdə həddən artıq işləyirik. Əminəm ki, ən qısa zamanda zəhmətimizin bəhrəsini görəcəyik.
- Bitiriciliklə bağlı problem qalmaqdadır.
- Bu yöndə çalışmalarımız davam edir. O da düzələcək.
HƏBİB