AZ

Dünya avtomobil bazarlarında nə baş verir?


Almaniya hökuməti avtomobil sənayesini dəstəkləmək və elektrikli avtomobillərə keçidi sürətləndirmək məqsədilə 3 milyard avroluq subsidiya proqramına start verməyə hazırlaşır.
Yeniavaz.com
“Bloomberg”ə istinadən xəbər verir ki, proqram çərçivəsində elektrikli avtomobil alan hər bir vətəndaş 6 min avroya qədər maliyyə dəstəyi əldə edə biləcək.
Bu qərar 2024-cü ildə Almaniyada avtomobil satışlarının kəskin azalması və Çin istehsalçılarının Avropa bazarında payını artırması fonunda qəbul edilib. Berlinin əsas hədəfi daxili tələbatı stimullaşdırmaq, eyni zamanda “Volkswagen” də daxil olmaqla yerli brendlərin rəqabət qabiliyyətini qorumaqdır. 2026-cı il üçün planlaşdırılan “ID Polo” kimi daha əlçatan elektrik modellərinin subsidiyalarla birlikdə bazara çıxması, elektrikli avtomobillərə keçidi geniş kütlələr üçün daha real edəcək.
Proqramın diqqətçəkən cəhətlərindən biri onun “texnoloji neytral” xarakter daşımasıdır. Bu o deməkdir ki, subsidiya yalnız Alman və ya Avropa istehsalçılarına deyil, Çin brendlərinə də şamil ediləcək. Brüssel Çin avtomobillərinin genişlənməsinə qarşı mexanizmlər axtardığı bir vaxtda, Berlin mənşədən çox qiymət və texnologiyaya üstünlük verən praqmatik yanaşma sərgiləyir. Ekspertlər hesab edirlər ki, bu addım rəqabəti gücləndirəcək və kütləvi seqmentdə elektrikləşməni daha da sürətləndirəcək.
Qlobal avtomobil bazarında diqqətçəkən digər inkişaf isə Çin və Kanada arasında tarif endirimi sazişi ilə bağlıdır. Analitiklərin fikrincə, bu razılaşmanın əsas faydalananları “Tesla” və “Volvo” olacaq. Hər iki şirkətin Çində güclü istehsal bazası və effektiv logistika şəbəkəsi mövcuddur. Yeni ticarət rejimi “Tesla”ya Şanxay giqafabrikindən, “Volvo”ya isə Çin zavodlarından Kanada bazarına daha rəqabətli qiymətlərlə elektrik avtomobilləri ixrac etməyə imkan verəcək. Kanada bu addımla iqlim hədəfləri ilə ticarət siyasəti arasında balans yaratmağa çalışır.
Bu arada Çin avtomobil nəhəngi “Geely” uzunmüddətli iddialı planlarını açıqlayıb. Şirkət 2030-cu ilə qədər illik satışlarını 6,5 milyon avtomobilə çatdırmağı və dünyanın ən böyük beş avtomobil istehsalçısından birinə çevrilməyi hədəfləyir. “Geely” rəhbərliyinin sözlərinə görə, onilliyin sonuna qədər xarici bazarlarda istehsal olunan avtomobillərin üçdə biri satılacaq və bu, 143 milyard dollarlıq gəlir deməkdir. Yeni strategiya çərçivəsində şirkət növbəti dörd ildə əsas diqqəti A və E sinif modellərinə yönəldəcək və “Renault Group” kimi ənənəvi istehsalçılarla əməkdaşlığı dərinləşdirəcək.
Seçilən
27
yeniavaz.com

1Mənbələr