İspaniyada 60 ildən artıq əvvəl aşkar edilən məşhur bürünc dövrü xəzinəsinin tərkibindəki iki adi görünən əşyanın əslində ən dəyərli tapıntılardan olduğu müəyyən edilib. Alimlər solğun vəziyyətdə olan bir bilərziklə üzəri qızılla bəzədilmiş, güclü korroziyaya uğramış yarımkürə formalı metal əşyanın adi dəmirdən deyil, meteorit mənşəli dəmirdən hazırlandığını aşkar ediblər.
Publika.az xəbər verir ki, araşdırma "Trabajos de Prehistoria" jurnalında dərc olunub.
Söhbət 1963-cü ildə İspaniyanın Alikante əyalətində tapılmış və tarixə Vilena xəzinəsi kimi düşən tapıntılar kompleksindən gedir. Xəzinə əsasən qızıldan hazırlanmış 66 müxtəlif əşyadan ibarətdir və Pireney yarımadasında, eləcə də bütün Avropada bürünc dövrü zərgərlik sənətinin ən mühüm nümunələrindən biri hesab olunur. Əşyaların böyük hissəsi e.ə. 1500–1200-cü illərə aid edilir.
Lakin iki artefakt – içiboş metal yarımkürə (ehtimal ki, skipetrin və ya qılınc dəstəyinin hissəsi) və bilərzik uzun müddət alimləri çaşdırıb. Onlar zahirən dəmirdən hazırlanmış kimi görünürdü. Halbuki Pireney yarımadasında dəmir dövrü yalnız e.ə. 850-ci illərdə başlayıb ki, bu da xəzinənin yaşından xeyli sonrakı dövrə təsadüf edir.
Araşdırmalar göstərib ki, məsələ materialın nadirliyindədir. Meteorit dəmiri yer mənşəli dəmirdən fərqli olaraq yüksək nikel tərkibinə malikdir. Vilena Arxeologiya Muzeyinin icazəsi ilə alimlər hər iki əşyadan mikroskopik nümunələr götürərək kütlə spektrometriyası üsulu ilə analiz aparıblar.