Tbilisinin yeni əsas beynəlxalq hava limanı Vaziani qəsəbəsində salınacaq.
Publika.az xəbər verir ki, “Interpressnews” istinadla xəbər verir ki, bu barədə Gürcüstanın iqtisadiyyat nazirinin müavini Tamar İoseliani məlumat verib.
O bildirib ki, qəsəbədə 2007-ci ilə qədər Rusiya Hərbi Hava Qüvvələrinin aerodromu da daxil olmaqla hərbi baza fəaliyyət göstərib.
Yeni hava limanının 2031-ci ilin sonunadək istifadəyə veriləcəyi planlaşdırılır. Limanın illik sərnişin tutumu hazırkı Tbilisi hava limanının tutumundan dörd dəfə çox olacaq və 20 milyon sərnişin əhatə edə biləcək.
İoseliani qeyd edib ki, Vaziani hava limanı Tbilisidə yeganə beynəlxalq aeroport olacaq. Yeni liman fəaliyyətə başlayandan sonra hazırkı Şota Rustaveli adına Tbilisi Beynəlxalq Hava Limanı (Novoalekseevka qəsəbəsində) bağlanacaq. Hökumətin xüsusi komissiyası mövcud aeroportun inkişaf imkanlarını araşdırıb və onun genişləndirmək imkanının olmadığı qənaətinə gəlib. Qeyd olunub ki, 2025-ci ildə Şota Rustaveli hava limanı təxminən 5 milyon sərnişin xidmət göstərib.