Norveç hökuməti ölkənin müdafiə hazırlıqları çərçivəsində vətəndaşlarına şok xəbərdarlıq məktubları göndərməyə başlayıb. Rəsmi bildirişlərdə müharibə və ya fövqəladə vəziyyət yaranacağı təqdirdə, dövlətin mülki şəxslərə məxsus avtomobillərə, binalara və digər əmlaklara əl qoya biləcəyi vurğulanır.
Milli.Az xəbər verir ki, Norveç Silahlı Qüvvələri və Mülki Müdafiə Agentliyi (DSB) tərəfindən göndərilən bu məktublar ölkənin ümumi müdafiə strategiyasının bir hissəsidir.
"Genişmiqyaslı bir münaqişə baş verərsə, ordunun ehtiyaclarını qarşılamaq üçün vətəndaşların nəqliyyat vasitələri, gəmiləri, binaları və hətta məişət texnikaları dövlət tərəfindən müvəqqəti və ya daimi olaraq götürülə bilər." deyə məktublarda bildirilir.
Xalqın bu ehtimala qarşı psixoloji və maddi cəhətdən hazır olması tələb olunur.
Bundan əlavə, hökumət hər bir ev təsərrüfatına fövqəladə hallarda "öz-özünə yetərlilik" bələdçisi paylayıb. Bu bələdçidə insanların xarici kömək olmadan ən azı bir həftə sağ qala bilməsi üçün evdə saxlamalı olduqları ehtiyatların siyahısı yer alır:
- Uzun müddət qala bilən konservlər, enerji barları və adam başına gündəlik 3 litr təmiz su ehtiyatı.
- Odun, qaz sobaları, fənərlər, batareyalar və radiolar.
- İlk yardım dəsti və xüsusilə nüvə təhlükəsinə qarşı yod həbləri.
Norveç rəsmiləri bu addımların Rusiyanın Ukraynaya müdaxiləsindən sonra artan təhlükəsizlik risklərinə görə atıldığını bildirirlər. Norveç NATO-nun qurucu üzvlərindən biri olaraq, öz müdafiə sistemini "ümumi müdafiə" (total defense) modelinə keçirir ki, bura mülki əhalinin birbaşa dəstəyi də daxildir.
Lalə Qüdrətova
Milli.Az