AZ

Obama Minneapolisdə kişinin öldürülməsini sarsıdıcı faciə adlandırıb

BAKI, 26 yanvar. TELEQRAF

ABŞ-nin sabiq prezidenti Barak Obama Minneapolis şəhərində kişinin öldürülməsini sarsıdıcı faciə kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, Obama bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.

O bildirib ki, 37 yaşlı tibb işçisi Aleks Prettinin qətlə yetirilməsi təkcə bir insan itkisi deyil, eyni zamanda bütün amerikalılar üçün ciddi xəbərdarlıq olmalıdır.

“Aleks Prettinin öldürülməsi sarsıdıcı bir faciədir. Bu hadisə, həmçinin, millət olaraq əsas dəyərlərimizin getdikcə daha çox hücumlara məruz qalması barədə hər bir amerikalı üçün həyəcan siqnalı olmalıdır”, - deyə Obama qeyd edib.

Xatırladaq ki, yanvarın 7-də Minneapolisdə Miqrasiya və Gömrük Xidmətinin (ICE) əməkdaşı təhlükəsizlik qüvvələrinin yolunu avtomobillə kəsən bir qadını güllələyib. Bundan sonra ABŞ-nin Minnesota ştatında etiraz aksiyaları başlayıb. Ştatın Sent-Pol şəhərində polis və etirazçılar arasında toqquşmalar qeydə alınıb.

Daha sonra ABŞ-də federal agent tərəfindən bir kişinin güllələnərək öldürüldüyü də məlum olub. Ölən şəxsin 37 yaşlı tibb işçisi Aleks Pretti olduğu açıqlanıb.

Amerikalı jurnalist Ben Suonn vəziyyətin Minneapolisdə getdikcə gərginləşdiyini, hətta ordu və ya Milli Qvardiyanın şəhərə yeridilməsinin mümkün olduğunu bildirib.

Jurnalistin fikrincə, etirazların genişlənməsi ABŞ prezidenti Donald Trampın qeyri-qanuni miqrasiya ilə mübarizə siyasətini daha da sərtləşdirməsinə səbəb ola bilər.

Seçilən
97
teleqraf.com

1Mənbələr