BAKI, 26 yanvar. TELEQRAF
İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai ölkədə baş vermiş silahlı iğtişaşlar zamanı guya 30 min nəfərin həlak olması ilə bağlı yayılan məlumatları təkzib edib.
Teleqraf xəbər verir ki, İsmayıl Baqai bu barədə "X" sosial şəbəkəsində paylaşım edib.
O, sözügedən iddiaları kəskin tənqid edərək onları saxtalaşdırma adlandırıb.
“Hitler üslubunda böyük yalan. Bu, onların İran küçələrində öldürməyi planlaşdırdıqları rəqəm deyilmi?! Lakin buna nail ola bilmədilər və indi bunu mediada saxtalaşdırmağa çalışırlar”, – deyə Baqai bildirib.
Xatırladaq ki, daha əvvəl "Time" jurnalı İranda iğtişaşlar zamanı ölənlərin sayının 30 minə çata biləcəyi barədə iddia irəli sürmüşdü.
Bununla yanaşı, İranın xarici işlər naziri Abbas Əraqçi ölkədə baş verən hadisələr zamanı 3 117 nəfərin həlak olduğunu təsdiqləyib.